image-rt-reklam
image-1backend

G20 ölkələri dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdehdir

image-728x90

BMT-nin iştirakçı sayına görə ən böyük tədbiri hesab olunan COP29 Bakıda uğurla davam edir. Konfransın Mavi zonası noyabrın 13-də mühüm iqlim problemlərinin müzakirə məkanına çevrilmişdi. Müzakirələrdən biri çox vacib məsələyə həsr olunmuşdu. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Ali qonaqların çıxışlarını monitor qarşısında dinləyən çox sayda əcnəbilər vardı.
Ada dövləti bir və ya bir neçə adada yerləşən dövlətdir. Bu gün dünyada 47 belə ölkə var. Dünya okeanlarında ekoloji vəziyyətin istənilən dəyişməsi adada onsuz da çətin olan həyatın kəskin şəkildə pisləşməsi deməkdir. Buna görə də BMT inkişaf etməkdə olan kiçik ada dövlətlərinin rifahı məsələsinə dönə-dönə müraciət edir. Artan təbii fəlakətlər, mərcan riflərinin ölümü və dəniz səviyyəsinin qalxması insanları yaşamaq üçün daha əlverişli yerlər axtarmağa vadar edir. Karib hövzəsi ölkələrində bəzən mövsümdə beş qasırğa olur.
İqlim dəyişikliyi və dəniz səviyyəsinin qalxması Sakit okean, Hind və Atlantik okeanlarına səpələnmiş kiçik ada dövlətlərinin inkişafı və hətta mövcudluğu üçün təhlükə yaradır. Beynəlxalq bazarlardan təcrid, məhdud resurslar, həddindən artıq əhali, həddindən artıq tullantı və sahillərin çirklənməsi bu ölkələrin iqtisadi inkişafı üçün ciddi problemlər yaradır.
BMT baş katibi Antoni Quterreş noyabrın 13-də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki çıxışında çox ciddi məqamlara toxunaraq həyacan təbili çalıb. O, G20 ölkələrinin dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib. “Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik, dənizlərin səviyyəsinin yüksəlməsi sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır”.
Baş katib diqqətə çatdırıb ki, kiçik ada dövlətləri yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün dəstəyə layiqdirlər. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.
Özəlliklə bu məqama diqqət çəkilməlidir ki, Quterreş böyük, varlı, güclülərin problem yaratdığını, zəiflərin, kasıbların isə bu problemlərdən əziyyət çəkdiyini ayrıca vurğuladı. Bəllidir ki, dünyanın böyük gücləri, dövlətləri, həqiqətən də, iqlim dəyişikliyinə mənfi təsir göstərəcək hərəkətlərin önündə gedirlər. Bundan daha çox əziyyət çəkən kiçik dövlətlərdir. Bunun məntiqi davamı olaraq da ada dövlətlərlə bağlı ayrıca müzakirələrin keçirilməsi orada yenə də Prezident İlham Əliyevin çıxış etməsi, özəlliklə də Fransanın müstəmləkə siyasətinə diqqət çəkilməsi təsadüfi deyil. Həqiqətən də, Fransa kimi böyük dövlətlər kiçik ada dövlətlərinin təbii sərvətlərini talayır, həm də onların məhv olmasına yol açırlar.
Dövlətimizin başçısı çıxışında beynəlxalq gündəlikdə mühüm məsələlərdən biri olan neokolonializm və iqlim dəyişmələri məsələsinə də toxunub. “Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.” deyən Prezident İlham Əliyev Fransa və Niderlandın müstəmləkələrinin xalqlarının bu gün də müstəmlələkə hakimiyyətindən əziyyət çəkdiklərini bildirdi.
Çıxışının sonunda Prezident İlham Əliyev “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.” deyə bildirmişdir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90