Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov biznes sahəsində gördüyü işlərdə xeyli problemlə üzləşib. Onun şirkətinin yarım milyon manata yaxın vergi borcu da yaranıb.
Ulusal.az xəbər verir ki, nazir olduğu dövrdə geniş biznesə sahib olan Füzuli Ələkbərov indi də pul qazanmağa davam edir. Həm də keçmiş əlaqələrini, imkanlarını istifadə edərək.
Onun rəhbərliyi altında olan şirkətlər xeyli tenderlərin qalibi ola bilirlər.
Lakin bunun qarşılığında Ələkbərovun şirkətləri dövlətə külli miqdarda borclarını ödəmirlər. Hazırda Ələkbərovun binez imperiyasına daxil olan şirkətlərdən birinin yarım milyon manata yaxın vergi borcu yaranıb. Söhbət “Improtex Trucks and Buses” MMC-dən gedir. MMC-nin hazırda vergiyə olan borcu 470 min manatdır.
Nizamnamə kapitalı 220 manat olan şirkətin qanuni təmsilçisi Mühəmməd Fərid Abdullayevdir.
“Improtex Trucks and Buses” MMC-nin qanunla həmişə başı dərddə olub. Şirkət vergi öhdəliklərini yerinə yetirmədiyi üçün bir neçə dəfə maliyyə sanksiyası ilə üzləşib. Şirkət ölkədən qanunsuz olaraq pul çıxarmaqda da təqsirli bilinərək cərimə olunub.
“Improtex Trucks and Buses” icra hakimiyyətlərinin, bir çox dövlət şirkətlərinin tenderlərinin qalibidir.
Şirkət inşaat, uzun mәsafәlәrә daşıma, nәqliyyat hәllәri, qida malları daşıyıcısı, kommunal avtomobillәr, yanğınsöndürәnlәr, ağır tonnajlı nәqliyyat vasitәlәrinin satışını həyata keçirir. MAN, “Sumitomo”, “Bobcat”, “Doppstadt”, FAUN, “Rosenbauer”, “Siroil” kimi brendlərin rəsmi distributeri də bu şirkətdir.Musavat.com