Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi qeyd olunur. Bu qərar Füzulinin 2020-ci il Vətən müharibəsi zamanı azad olunmasının tarixi əhəmiyyətini əbədiləşdirmək və qəhrəman şəhərin yenidən dirçəlişinə dövlət səviyyəsində diqqəti bir daha göstərmək məqsədi daşıyır. 17 oktyabr – Füzuli şəhəri günü təkcə bir şəhərin azad olunması tarixi deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, vətənpərvərliyinin və yenidənqurma əzminin təntənəsidir. Füzuli bu gün Zəfərin, Qayıdışın və Quruculuğun rəmzidir.
23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri Füzuli şəhərini və rayonun böyük hissəsini işğal etdi. İşğal nəticəsində 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü, on minlərlə sakin məcburi köçkünə çevrildi. Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi yazdığı 5 yanvar 1994-cü il tarixində rayonun 22 kəndi azad edilsə də, Füzuli şəhəri 27 il düşmən tapdağı altında qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 17 oktyabrında Füzuli şəhəri və onun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri qəhrəman Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsinin ən ağır, eyni zamanda ən strateji əhəmiyyətli əməliyyatlarından biri oldu. Rayonun coğrafi mövqeyi və relyefi əməliyyatların mürəkkəbliyini daha da artırırdı. Bir çox hərbi ekspertlər belə hesab edirdilər ki, Füzulinin azad edilməsi uzunmüddətli və çətin döyüşlər tələb edəcək. Lakin Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək peşəkarlıq, taktiki hazırlıq və iradə nümayiş etdirərək qısa müddətdə düşmənin bir neçə müdafiə xəttini yarmağa nail oldu. Füzuli istiqamətində əldə olunan qələbə sonrakı əməliyyatlar üçün mühüm strateji dayaq nöqtəsi rolunu oynadı.
Füzuli şəhərinin azad olunması Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, milli ruhunun və texniki üstünlüyünün parlaq nümunəsinə çevrildi. Döyüşlər zamanı əsgər və zabitlərimizin göstərdiyi igidlik, peşəkarlıq və qətiyyət düşməni tam mənada sarsıtdı. İşğalçılar müqavimət göstərə bilməyərək geri çəkilməyə məcbur oldular və bir çox hallarda silahlarını yerə qoyub döyüş meydanını tərk etdilər. Bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu təkcə regionun deyil, həm də beynəlxalq miqyasda ən hazırlıqlı və texnoloji baxımdan inkişaf etmiş ordulardan biridir. Füzuli uğrunda qazanılan bu möhtəşəm qələbə həm Azərbaycan Ordusunun gücünü, həm də xalqın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş Füzuli rayonu qısa müddətdə genişmiqyaslı yenidənqurma və bərpa prosesinə cəlb olunub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr Füzulinin müasir, dayanıqlı və yaşamaq üçün rahat şəhərə çevrilməsini hədəfləyir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 mart tarixində “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Bu sənəd şəhərin sosial, iqtisadi və ekoloji baxımdan davamlı inkişafını təmin edəcək strateji yol xəritəsidir.
Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində Füzulidə mühüm infrastruktur obyektləri istifadəyə verilib. Onların sırasında “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi, eləcə də Köndələnçay su anbarları kompleksi mühüm əhəmiyyət daşıyır. Rayonda nəqliyyat infrastrukturunun yaradılması istiqamətində də nəhəng layihələr həyata keçirilib. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istifadəyə verilib, bu yollar bölgənin iqtisadi canlanması və sosial inteqrasiyası üçün mühüm rol oynayır. Füzulinin dirçəlişinin ən önəmli simvollarından biri isə Füzuli Beynəlxalq Hava Limanıdır. Bu hava limanı Azərbaycanın Qarabağ bölgəsini dünyaya birləşdirən strateji qapı rolunu oynayır.
Azərbaycan dövlətinin həyata keçirdiyi “Böyük Qayıdış” Proqramı çərçivəsində 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayıb. Bu proses ardıcıl və planlı şəkildə həyata keçirilir, hər mərhələdə müasir şəraitə malik yeni yaşayış massivləri istifadəyə verilir. “Böyük Qayıdış” Proqramının birinci mərhələsi çərçivəsində 2026-cı ilin sonunadək 22 min insanın Füzuli rayonunda yaşayacağı, ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşın daimi məskunlaşmasının təmin ediləcəyi planlaşdırılır.
Füzulinin yenidən qurulması prosesində Azərbaycanla yanaşı, qardaş Özbəkistan və Qazaxıstan respublikalarının Füzuli şəhərində həyata keçirdiyi layihələr Türk dünyasının həmrəyliyinin bariz nümunəsidir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu layihələr xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin parlaq göstəricisidir. Özbəkistan və Qazaxıstanın Füzulinin bərpasına verdiyi töhfələr Türk dünyasının həmrəyliyini, bir-birinə mənəvi və maddi dəstəyini bir daha nümayiş etdirir. Həyata keçirilən və keçirilməkdə olan bütün bu böyük bərpa və quruculuq layihələri nəticəsində Füzuli Azərbaycanın ən gözəl şəhərlərindən biri olacaq.
Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru