Ötən həftə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Futbol ictimaiyyətinin səbirsizliklə gözlədiyi toplantıda həm cari mövsüm Premyer Liqanın sonuncu pilləsində yer alacaq komandanın taleyinə, həm də çempionatın yeni formatına aydınlıq gətirildi.
Növbəti mövsüm Premyer Liqanın 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olması qərara alındı. Cari mövsümdə əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində Birinci Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
Ümumiyyətlə, liqalarda tətbiq edilən yeniliklər ölkə futboluna nə kimi fayda verəcək Bu suala cavab tapmaq üçün “QOLAT Sport Services və Futbol Agentliyi”nin direktoru Səid Bağırova müraciət etdik. Ölkənin ilk FİFA Agenti Publika.az-a açıqlamasında dəyişikliyin uğur gətirəcəyini bildirir. Onun sözlərinə görə, əsas məsələ bu prosesə başlamaq idi ki, AFFA nəhayət bunu etdi:
“Əsas odur ki, başlandı və futbolun əhatəsi regionlara doğru genişlənəcək. Əlbəttə ki, hər bir yenilik özü ilə müəyyən çətinlikləri də gətirir. Bunlara infrastruktur problemləri, futbol sahəsində çalışacaq insan resursu çatışmazlığı, bölgələrdəki uşaq futbolunun hazırkı vəziyyəti və sair daxildir. Bütün bunlar birdən-birə deyil, mərhələli şəkildə baş verəcək. Liqalar arasında yerdəyişmələrin bu şəkildə müəyyənləşdirilməsi daha ədalətli oldu. Premyer Liqada sonuncu yeri tutan komanda Birinci Liqaya düşəcək, burada isə ilk 3 yeri tutan klublar Premyer Liqaya vəsiqə qazanacaq. Xüsusilə qeyd edək ki, bu, ilk növbədə Birinci Liqada mübarizəni daha da gücləndirəcək, çünki 3 klubun Premyer Liqaya vəsiqə şansı yaranacaq. Onu da nəzərə alaq ki, Premyer Liqaya yüksəlmək üçün digər ən əsas şərt lisenziya məsələsidir. Bu, çox həssas və çətin məsələ olduğundan, ümid edirik ki, Birinci Liqa başa çatdığı zaman elita vəsiqə qazanan klublar lisenziya məsələlərini də həll etmiş olacaqlar”.
Premyer Liqaya yüksələcək klublar nə dərəcədə çempionata hazırdırlar? Bu, ən çox cavab axtarılan suallardan biridir. Bağırov bildirir ki, iki liqa arasında fərq çoxdur:
“Fərqlərdən ən birincisi maddi və texniki resurslardır. Sonra isə futbol infrastrukturu problemləridir. Dövlət tərəfindən ayrılacaq maddi dəstək klubların bu kimi problemlərini həll etməyə bəs etməyə bilər. Məhz buna görə də əlavə sponsorların futbola cəlb edilməsi istiqamətində dövlət tərəfindən xüsusi təşviqlərin yaradılması da mümkündür.
Söhbət burada böyük büdcəli özəl şirkətlərdən gedir. Yaxın illərdə bu prosesin sürətlənəcəyini gözləyirəm. Hazırda bir neçə kluba sponsor cəlbinin uğurla başa çatdırılması ilə bağlı nümunə var. Ümid edək ki, bu sahədə daha böyük uğurlara imza atılacaq”.
Çempionatın yeni formatından da danışan Səid Bağırov 3 dövrəli sistemin uğurlu olacağını gözləyir:
“Bu, ümumilikdə oyun saylarını azaldır. Belə ki, 33 tur olacaq, hansı ki, öncəki illərdə bu say 36 idi. Ölkədə futbolun ümumi ab-havasını dəyişəcək olan klublar əsasən region klublarıdır, məhz bu qərarla liqaya maraq daha da artacaq. Premyer Liqada komanda sayının artması futbolumuza yeni azarkeşlər də qazandıracaq. Xarici təcrübə bunu göstərir ki, əgər siz futbolunuza azarkeş qazandıra bilsəniz, onlar da sizə pul qazandıracaqlar.
Bu dəyişiklik həmçinin, Birinci və İkinci liqalarda səviyyənin artmasına səbəb olacaq. Legioner limitinin ləğvindən sonra Premyer Liqada legioner sayının artacağına görə yerli oyunçulardan Birinci Liqaya gedənlər olacaq. Bu isə oyunların səviyyəsinə, gücünə təsir edəcək. Əgər qərarların tətbiqi dəqiq həyata keçirilərsə, yaxın bir neçə ildə futbolumuzun keyfiyyətində müsbət dəyişikliklər hiss olunacaq”.