Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu bildirib ki, Paris və İrəvan bu gün – oktyabrın 23-də Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin alınmasına dair sazişləri rəsmiləşdirəcəklər. Bu barədə erməni mediası xəbər verib.
Ehtiyatda olan general Yücel Karauz məsələ ilə bağlı Publika.az-a açıqlamasında qeyd edib ki, Fransa NATO ölkəsidir, buna görə də NATO sistemindən istifadə edir:
“Ermənistan isə MBD-yə üzv dövlətlərdən biridir. Bundan əlavə, Ermənistanın əlində olan silah-suratın 80-90 faizi Rusiya tərəfindən pulsuz, təmənnasız verilib. Hazırda Rusiyanın hava hücumundan müdafiə sistemləri Ermənistanın hava məkanını qoruyur. Burada bir sual yaranır ki, kimdən qoruyur?
Cavab isə bəllidir. Hazırda Ermənistan Türkiyə, İran, Azərbaycan və Gürcüstana qarşı qorunur. Təbii ki, istənilən ölkə istədiyi ölkədən silah ala bilər. Lakin buradakı məsələ başqadır. Ermənistan ilə Fransa arasında olan saziş hava hücumundan müdafiə sistemi ilə bağlıdır. Bu da təkbaşına istifadə olunan bir sistem deyil. Hava hücumundan müdafiə sistemi strateji sistemdir.
Bu sistemdə bütün hava hücumdan müdafiə qüvvələri bir-birinə bağlanır ki, bütün hücumlardan qoruna bilsin. Sadəcə bir yeri hava hücumundan müdafiə etməklə nəticə əldə etmək olmaz. Fransa müxtəlif yollarla, 4590 kilometr uzaqlıqdan Qafqaza burnunu soxur. Fransa bir şəhərindən Ermənistana silah satır, digərindən sülhə çağırır. Buradakı əsas hədəf Azərbaycan görünsə də, bu belə deyil”.
Politoloq əlavə edib ki, Fransa etdiklərini təkbaşına həyat keçirmir, bunu ABŞ-la koordinasiya edir:
“Ona görə də verilən maddi-texniki təchizat, silah-sursat yardımı gələcəkdə Qafqazda açmağı nəzərdə tutduqları cəbhə üçün depodur. Bu depo isə Türkiyəyə qarşıdır. Rusiyanın ordusunun Ermənistan ərazisində olduğunu nəzərə alsaq, Rusiya bu prosesə qarşı çıxacaq. Bütün hallarda Ermənistan Fransadan aldığı silah sistemlərini işlədə bilməyəcək.
Çünki təcrübəsi yoxdu, həm də özü dəfələrlə bunu bəyan edib. Digər tərəfdən də, Ermənistan Rusiya hərbçilərinin ölkədən çıxmasını istəyir. Ona görə də belə görünür ki, Rusiya ilə Ermənistan və Ermənistanın arxasında duran Qərb gücləri arasında gərginlik hələ uzun müddət davam edəcək”.