Fransa yavaş-yavaş Cənubi Qafqaza nüfuz etmək istəyir. Artıq Fransa Ermənistana mümkün silahların verilməsi haqqında razılığa gəlib. Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, Fransa və Ermənistan arasında silah satışı ilə bağlı imzalanan sazişə əsasən silahlar yaxın zamanda Ermənistana göndəriləcək. Bu sazişə əsasən hava hücumundan müdafiə sistemləri Ermənistana veriləcək.
Görünür, Fransada hesab edirlər ki, Azərbaycan ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır. Fransa siyasətçiləri kimi düşünənlər başqa ölkələrdə də var. Biz Türkiyə və İsraildən lazımı silahlar alırıq, eyni zamanda İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik. Bu Fransanın xoşuna gəlməyəcək, ancaq Parisin Ermənistana hərbi texnika satmaq qərarı digər Avropa İttifaqı dövlətlərini Azərbaycan silah və hərbi texnika satmasını asanlaşdıracaq.
Bu gün Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlamasında bildirib ki, Fransa Ermənistana “Thales Group”un istehsal etdiyi 3 ədəd “The Ground Master 200 (GM200)” radar sistemini verib. Xatırladaq ki, GM200 radar sisteminin qiyməti 14,5 milyon avrodur.
Bir sözlə indi Fransa Ermənistanı silahlandırmaq üçün çalışır. Fransanın Ermənistana silah verməsi İrəvanda da birmənalı qarşılanmayıb. Erməni hərbi ekspert, “APRI Armenia”nın elmi işçisi Leonid Nersisyan hesab edir ki, Fransa Ermənistana öz silahlarını satmaqla məşğuldur.
“Burada hər hansı tərəfdaşlıqdan söhbət gedə bilməz. Fransa bu silahları pulsuz vermir. Maraqlıdır Ermənistan bu silahların pulunu necə verəcək? Biz Rusiyadan da vaxtilə böyük partiyada silahlar əldə etmişdik. Amma o silahların çox hissəsi indi Bakıda parkdadır. Biz silah yox, döyüşə bilən əsgər yetişdirməliyik.”-deyə ekspert bildirib.
Fransa Ermənistanı silahlandırmaqla məşğul olsa da əsl niyyəti sözsüz ki, başqadır. Fransa Cənubi Qafqazda boşluqdan istifadə etmək niyyətindədir. Amma Böyük Britaniya Fransaya bu şansı verəcəkmi?
Aydındır ki, dünyada söz sahibi olan ingilislər Fransanın bu arzusunu gözündə qoyacaq.
İndi Böyük Britaniya Cənubi Qafqazda sülhün bərqərar olmasının tərəfdarıdır. Çünki daha böyük lahiyələrin işə düşməsi artıq reallığa çevrilir. Həmçinin Britaniyanın Cənubi Qafqazda ən yaxşı tərəfdaşı Azərbaycandır. Azərbaycanın məhz belə bir dövlətlə ittifaqda olması son dərəcə önəmlidir.Bir sözlə reallıq odur ki, Böyük Britaniya Azərbaycan üzərindən Cənubi Qafqazda öz maraqlarını həyata keçirir. Fransa isə yeni oyunçu olaraq Cənubi Qafqaza daxil olmaq istəyir.Amma görünən odur ki, Cənubi Qafqaz oyununda Fransanın şansı yoxdur. Bir sözlə indi Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır. Fransa Ermənistanı nə qədər də silahlandırsa bu Ermənistanın ziyanına işləyəcək. Çünki sərhəddə baş verən istənilən təxribat Ermənistanın sonunu gətirə bilər. Ermənistan sülh müqaviləsi bağlasa , bu onların iqtisadi dirçəlişinə səbəb olacaq. “Zəngəzur dəhlizi”nin açılması tək Ermənistan üçün deyil, region ölkələri üçün böyük istisadi dirçəliş olacaq.
Qoşqar Salmanlı