Fransa Xarici İşlər Nazirliyi Telegram messencerinin yaradıcısı Pavel Durovun həbsini şərh etməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentlik Xarici İşlər Nazirliyindən Durovun saxlanmasına münasibət bildirməyi xahiş edib. Lakin nazirliyin nümayəndələri məhkəmənin müstəqilliyini nəzərə alaraq bunu etməyəcəklərini bildiriblər.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml Telegram-ın yaradıcısının konkret nədə ittiham olunduğunu bilmir. O, həmçinin Durovla bağlı vəziyyətlə bağlı vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb.
Xatırladaq ki, Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Fransalı müstəntiqlərin fikrincə, sahibkar messencer vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərdə, xüsusən də narkotik vasitələrin alqı-satqısında, həmçinin uşaq pornoqrafiyasının yayılmasında şərik olub.
Durovu Fransada 20 ilə qədər həbs cəzası gözləyir.