“Fransanın Ermənistanı silahlandırması hər şeydən əvvəl özünün geosiyasi maraqları ilə bağlıdır. Fransa 200-300 il bundan əvvəl də dəfələrlə Cənubi Qafqaza girmək istəyib. Amma o dövrün tarixi gerçəklikləri və regionda daha güclü qüvvələrin mövcudluğu buna imkan verməyib”. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, Fransa indi Rusiya-Ukrayna fonunda Rusiyanın Qafqazda zəiflədiyini hiss edir və çalışır ki, Ermənistan vasitəsilə regiona daxil olsun: “Bu da təbii ki, mümkün olan iş deyil. Digər məsələ odur ki, Fransa son illərdə Şimali Afrikada apardığı müstəmləkəçilik siyasətinin iflasa uğradığını görür. Afrikadan biabırçı şəkildə qovulduqdan sonra çalışır ki, həmin nüfuzunu Qafqazda bərpa etsin. Burada bir amili nəzərə almaq lazımdır ki, qlobal siyasətdə özünü Türkiyəyə əsas rəqib olaraq görür. Fransa çalışır ki, islamafobiya və türkafobiya siyasəti nəticəsində Türkiyə ətrafında gərginlik ocağı yaratsın. Türkiyə-Azərbaycan qardaşlığı, strateji müttəfiqliyi, vahid ordu qurulması istiqamətində aparılan işlər iqtisadi və siyasi əməkdaşlığı Fransaya rahatlıq vermir. Paris bu istiqamətdə çalışır ki, həm Azərbaycan, həm də Türkiyə əleyhinə gərginlik ocağı yaratsın. Fransa bunu şərqi Aralıqda Yunanıstan və Kipr vasitəsilə, Yaxın Şərqdə Suriya, İraq, Liviyada apardığı destruktiv fəaliyyəti ilə həyata keçirməyə çalışır. Bu gərginliyi Qafqazlarda da Ermənistan vasitəsilə həyata keçirməyə çalışır”.
N.Məhəməliyevin sözlərinə görə, Fransa maksimum çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasın: “Çünki əgər dayanıqlı sülh yaranarsa, bu bilavasitə Ermənistanın həm Azərbaycan, həm də Türkiyədəki ərazi iddialarından əl çəkməsi deməkdir. Sülh əldə edilərsə nəticədə Ermənistan təbii olaraq Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığı bərpa edəcək və regionda sabitlik yaranacaq. Fransa bunu öz siyasəti üçün bir növ təhlükə olaraq görür. Fransanın Ermənistanı silahlandırması xoş niyyətdən irəli gəlmir, əksinə yeni bir müharibəyə hazırlamaq məqsədi güdür. Biz də Azərbaycan və Türkiyə olaraq Fransa və Ermənistanın apardığı siyasətə adekvat siyasət quracağıq”.