Ukrayna Silahlı Qüvvələrinin qadın hərbçiləri döyüş meydanında yalnız silah gücü ilə deyil, həm də simvolik üsullarla rus işğalçılarını məğlub etməyi bacarırlar. Forbes jurnalının yazdığına görə, bu, həm də “mədəni müharibə”nin bir hissəsidir — qadınlar rus ordusunun bölmələrinə qarşı yaradıcı üsullarla döyüşürlər.
Keçən həftə Ukraynada fəaliyyət göstərən Wild Hornets şirkəti yalnız qadınlardan ibarət bölməyə xüsusi partiya çəhrayı rəngli Sting dronları təhvil verib. Bu bölmə həm rəhbərlik, həm də operator heyəti ilə qadınlardan formalaşıb.
Forbes yazır ki, bu addım rus əsgərlərinin qadınlar tərəfindən məğlub edilmək qorxusunu qabartmaq məqsədi daşıyır.
Hazırda Ukrayna ordusunda 70 minə yaxın qadın xidmət edir, onlardan 5500 nəfəri birbaşa döyüş bölgəsindədir. Cəmiyyətdə qadın hərbçilərə münasibət də dəyişir: 2018-ci ildə hərbi bərabərliyi dəstəkləyənlərin payı 53% idisə, 2023-cü ildə bu rəqəm artıq 80%-ə çatıb.
Bu ilin mayında Ukraynanın Milli Qvardiyası ilk dəfə qadın səfərbərliyi kampaniyasına start verib.
Eyni zamanda, “Buçna Cadugərləri” adlı qadın könüllü hava hücumundan müdafiə bölməsi fəaliyyət göstərir. Onlar gündəlik həyatlarını davam etdirərək — müəllim, həkim, manikür ustası kimi işləyir, lakin eyni zamanda rus dronlarına qarşı mübarizə aparırlar.
Apreldə Ukraynada yalnız qadınlardan ibarət Harpy FPV dron bölməsi yaradılıb. Bölmənin məqsədi qadın pilotsuz aparat operatorlarının sayını artırmaq və onlara dəstək mühiti formalaşdırmaqdır.
“Forbes”in yazdığına görə, bu, həm də rus ordusunu psixoloji cəhətdən sarsıtmaq üçün əla üsuldur:
“Rusiya ordusu son dərəcə ənənəvi və gender baxımından köhnəfikirlidir. Qadın tərəfindən hədəfə alınmaq onlar üçün alçaldıcı hesab olunur.”
Nəşr həmçinin Ukraynanın yeni FP-5 “Flamingo” qanadlı raketinə diqqət çəkir. Raketin adını və çəhrayı rəngini qadın dizayner seçib. Məqsəd — qadınların hərbi texnologiyalarda rolunu vurğulamaqdır.
Əsas seriyada raketlərin rəngi neytral olacaq, lakin “Flamingo” adı belə rus “Xəncər” raketlərinə simvolik ziddiyyət yaradır.
Ekspertlər bildirirlər ki, dron müharibəsində qadın döyüşçülər yüksək fiziki və psixoloji hazırlığa malik olmalıdırlar. “Boz zona” adlanan döyüş ərazilərində ağır yüklərlə hərəkət etmək, sərt şəraitdə yaşamaq onların gündəlik reallığıdır.
Bununla belə, qadın operatorların uğurlu fəaliyyəti göstərir ki, qadınlar bu vəzifələrin öhdəsindən mükəmməl şəkildə gəlirlər.
“Forbes” yazır ki, yaxın gələcəkdə “daha çox çəhrayı dron” görmək mümkündür.
“Da Vinçi Qurdları” batalyonunun tibb xidmətinin rəhbəri Alina Mixaylova deyib:
“Bir dəstə kişi küçədə sakitcə gəzərkən biz döyüş bölgəsində cinayət məsuliyyəti daşıyırıq. İnsanlar elə bilirlər ki, ianələrlə hər şeyi həll etmək mümkündür. Bizim də ailəmiz, arzularımız var.”
412-ci “Nemesis” alayının baş həkimi Olena Rıj isə səfərbərlik qorxusunun səbəblərindən danışıb:
“Bizi birləşdirən ümumi dəyərlərdir. İnsanlar bir-birlərində fərqlilik yox, ortaq cəhətləri görməlidirlər. Məhz bu, bizə gələcək verir.” Forbes