Fərdi ev tikintisinə başlamaq istəyənlərin ən çox qarşılaşdıqları problem icazə ilə bağlıdır. Belə ki, vətəndaşlar bir çox hallarda ev tikmək üçün hara müraciət etməli olmaları barədə məlumatsız olurlar.
Ulusal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, ev tikintisinə başlanıldıqdan sonra müxtəlif problemlərin yaranması ilə nəticələnir.
Bəs, ev tikintisi zamanı hara müraciət edilməlidir? Bunun üçün icazə alınmalıdırmı?
Şəhərsalma və Tikinti Məcəlləsinə görə, torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı, icazə yox, məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
Belə ki, şəxs tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma elektron qaydada (şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə) məlumat verir.
Həmçinin yuxarıda qeyd edilmiş tələblərə uyğunluğunun yoxlanılması üçün fərdi evin layihəsini, torpaq sahəsinin sənədi məlumata əlavə edilir. Sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya şəxs tərəfindən təmin edilir.
Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində layihəyə dair irad bildirmədikdə tikinti işlərinə başlanıla bilər. İradlar olduqda, həmin iradlar qanunvericiliyə istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. On gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumat şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət Reyestrinə ötürülür. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir.
Fərdi evin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
Göründüyü kimi, hündürlüyü 12 metr, mərtəbələrinin sayı 3-dən çox olmayan fərdi evin tikintisi üçün icazə tələb olunmur. Lakin burada əsas məqam torpaq sahəsinin çıxarışlı olması və təyinatının fərdi yaşayış sahəsi tikintisinə imkan verməsidir. Yeri gəlmişkən, 2023-cü ilin oktyabrın 1-dən sonra çıxarışsız torpaq sahələrində tikilən obyektlər, o cümlədən fərdi evlər elektrik, istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmur.
Burada digər məqam isə tikintidə sıxlıq əmsalına əməl edilməsi ilə bağlıdır. “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a əsasən həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin ərazinin tikinti əmsalı 0,4, ərazinin tikinti sıxlığı əmsalı isə 0,6 olmalıdır. Sıxlıq əmsalı dedikdə, tikilinin sahəsinin və altındakı ərazisinin torpağın sahəsinə olan nisbəti nəzərdə tutulur. Bununla da tikilinin altındakı ərazi torpağın sahəsinin 40 faizindən, tikilinin ümumi sahəsi isə 60 faizindən çox olmamalıdır. Bu o deməkdir ki, 2 sot torpaq sahəsində tikilən fərdi evin altındakı torpaq sahəsi 80 kvadratmetrdən, tikilinin ümumi sahəsi isə 120 kvadratmetrdən çox olmamalıdır.