Ulusal.az xəbər verir ki, müxalifət mənbələri Əsəd rejimi bölgəsindən olan yüksək rütbəli komandirlərin, mülki bürokratların və siyasətçilərin onlarla əlaqə saxladığını deyiblər.
Adının açıqlanmasını istəməyən Suriya Xalq Məclisinin üzvü qeyd edib ki, Hələb strateji əhəmiyyətinə və iqtisadi potensialına görə Dəməşqdən qat-qat əhəmiyyətli vilayətdir:
“Hazırda Əsəd və Bəəs rejimi Dəməşqdə sıxışmış haldadır. Bu məğlubiyyətdən çıxış yolu axtarırlar. Hələb sözün əsl mənasında domino effekti verdi. Əsədin qurban verilməsi, müvəqqəti hökumətin qurulması kimi imkanlar da nəzərdən keçirilir. Federasiya formulu ilə yanaşı, bir nəfərlik strukturun dəyişdirilməsi və mərkəzi hakimiyyətdən imtina edərək daha demokratik hökumətin qurulması məsələsi da masadadır.
Son iki ildə Türkiyə ilə bir masa arxasında oturmamaq da təəssüflənmək üçün səbəbdir. Ankaranı danışıqlara razı salmaq üçün kimin vasitəçi olacağı ilə bağlı da müzakirələr gedir. Amma hakimiyyətdəkilərin və rejimin əsas aktorlarının ümidləri çox zəifdir. Həma yıxılsa, Əsəd bu kresloda bir saat belə qala bilməz. Bundan sonrakı müqavimət yolunu seçsələr də, öz aralarında qan töküləcək. Bəəs körpü idi, indi o körpü az qala dağılıb”.
Türkiyə siyasi dəyişikliklərə hazır olmalıdır
Suriyalı ekspert Bəkir Atacan müxalifətin Hələb üzərində hökmranlığının Əsəd üçün sonun başlanğıcı olduğunu qeyd edib:
“Bəəs və Əsədin süqutunu dayandırmaq mümkün deyil. Hazırda Dəməşqin Həsəkə, Rəqqa, Mənbic və Deyr əz-Zor kimi şərq oxu ilə əlaqəsi böyük ölçüdə kəsilib. İsrail, ABŞ, PKK, Körfəz və digər aktorlar bu dəyişikliyi mütləq görürlər. Buna uyğun planlar qururlar. Addımlar bu mərkəzlərdən ibarət status-kvoya uyğun atılacaq”.
O, qeyd edib ki, bu nöqtədə Türkiyənin rolu həyati əhəmiyyət kəsb edir:
“Ankara mütləq siyasi təşəbbüs göstərməlidir. Dürzi, ismaili, kürd, türkmən, nusayri, erməni, ərəb və hətta digər azlıqların daxil olduğu hökumət strukturu yaradılmalıdır. Bu, bütün Suriyanı əhatə etməlidir. Hərb və siyasət də daxil olmaqla ciddi parçalanmalar yaşayan Dəməşqin süqutu PKK və İsrail də daxil olmaqla, bu cür qruplar üçün fürsətə çevrilməməlidir. Əks halda ölkə faciəli şəkildə parçalanacaq.
İsrailin çirkin ideaları və PKK terror dəhlizi kimi təhlükələrə qarşı Türkiyənin rolu həlledici olacaq. Əks halda, İran yenidən müəyyənedici gücə çevrilmək üçün hesablamalar aparacaq. Rusiyanı və bir çox mərkəzləri hərəkətə keçirməyə çalışırlar. Ankaranın gecikmək kimi bir lüksü yoxdur”.publika.az