Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Lefkoşada keçirilən Rauf Denktaş və Fazıl Küçük adına II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumunda iştirak edib.
Ulusal.az xəbər verir ki, Ersin Tatar Heydər Əliyev Beynəlxalq Mədəniyyət Mərkəzində təşkil edilən simpoziumdakı çıxışına Azərbaycandan olan millət vəkillərinə “xoş gəlmisiniz” deyərək başlayıb.
Kipr türklərinin əsrlər boyu mənəvi dəyərlərini qoruduğunu vurğulayan Şimali Kiprin Prezidenti mərhum Alparslan Türkeşin xəyallarının gerçəkləşdiyini və proqnozlarının həqiqət olduğunu deyib.
O, 300 milyona yaxın Türk dünyasının bir-birinə dəstəyinin vacib olduğuna diqqət çəkib. Onun sözlərinə görə, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi üzv qismində Türk Dövlətləri Təşkilatının toplantılarına qatılması tanınma yolunda mühüm addımdır.
Bildirib ki, Türk dünyasında əlifba və dil birliyinin möhkəmlənməsi ilə əlaqələrimiz daha da möhkəmlənəcək.
Qeyd edək ki, simpoziumda 12 ölkədən 50-dən çox nümayəndə iştirak edir.Lider-media.az