“Ermənistan danışıqlar prosesindən imtina etməyə çox yaxındır. Sözsüz ki, bu rəsmi İrəvanın qərarı deyil. Bu işdə onlara Qərb ölkələri dəstək verir” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasını özünün siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir.
” Qərbdəki havadarlarından dəstək alan İrəvan Qarabağdakı erməni əhalinin guya blokadada saxlanması və yolların bağlanması məsələsini beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışır və bu istiqamətdə fəaliyyətə başlayıblar. Ermənistan ilk dəfə deyil ki, BMT TŞ-də sənəd qəbuluna cəhd edir. Belə ki, 2022-ci il dekabrında Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların aksiyası ilə bağlı TŞ-nin fövqəladə iclası çağırılsa da, TŞ üzvləri arasında konsensus olmadığından Parisin irəli sürdüyü bəyanat layihəsi havada qaldı. Çox güman ki, bu dəfə də dəyişən bir şey olmayacaq.
Əvvəla, ona görə ki, rəsmi Bakı Ermənistanın bu və bu kimi cəhdlərinə hazırlıqlıdır. Misal üçün, bundan öncə Fransanın təşəbbüsünə BMT TŞ-nin daimi üzvlərdən Böyük Britaniya və Rusiya, qeyri-daimi üzvlərindən BƏƏ və Albaniyanın qarşı çıxdı. Əgər Ermənistanın iddiası bəyanat kimi qəbul edilərsə, bunun qətnaməyə çevrilməsi real deyil. Çünki ilk veto qoyacaq ölkə Rusiya olacaq. BMT TŞ illərdir vahid qərar verməkdə acizdir. Daimi üzvlər bir-birinin əleyhinə veto hüququndan istifadə edirlər. Ehtimal ki, bu dəfə də belə olacaq.”- deyə Arzuman Muradlı bildirib.