Adətən açıq mənbələrdə hərbi-texniki sahədə əməkdaşlığın konkret silah növləri üzrə qiymətləri göstərilmir. Ən yaxşı halda müqavilənin ümumi dəyəri açıqlanır. Buna da çox nadir hallarda rast gəlmək mümkün olur.
Bu sözləri Ermənistanın Fransadan GM-200 sistemləri alması və “Mistral” alışı ilə bağlı anlaşma memorandumu imzalaması barədə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, daha əvvəl Moldovanın eyni tipdə radiolokasiya stansiyasını 14.5 milyon avroya aldığı haqda açıq mənbələrdə məlumatlar var:
“Əgər bu, radiolokasiya stansiyalarından Ermənistan 6 yaxud 7 ədəd alarsa, onda müqavilənin məbləği 100 milyon avroya yaxınlaşa bilər. Bu məbləğ Ermənistanın indiki vəziyyətində onun büdcəsi üçün ağır yük hesab olunur. Böyük ehtimalla onlar hər silah növündən minimal partiyalar almaqla, daxildə narazı auditoriyanı bir qədər sakitləşdirməyə çalışacaq. Amma bu əməkdaşlığın gələcəkdə davam etməsi ehtimalı da mövcuddur”.
Qeyd edək ki, Fransa nəşri “Le Monde” sözügedən müqavilənin bir neçə yüz milyon avroya çata biləcəyini yazıb. Həmçinin, anlaşmada radar və zenit-raket satışı ilə bərabər, həm də Fransanın Ermənistana təlimləri də daxil olduğunu qeyd edib.