27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində 8 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan 25 il ötdü.
Ulusal.az xatırladır ki, həmin gün parlamentdə keçirilən sual-cavab sessiyası zamanı binaya daxil olan bir qrup şəxs paltolarında gizlətdikləri Kalaşnikov AK-47 markalı silah çıxararaq 8 nəfəri qətlə yetirib.
Ölənlərin arasında Ermənistanın Baş naziri Vazgen Sərkisyan, Milli Məclisin sədri Karen Dəmirçiyan və parlamentin daha 6 üzvü olub. Ən azı 30 nəfər isə yaralanıb. Hadisədən sonra Ermənistanda ciddi xaos yaranıb. Məlumata görə, o zaman əksəriyyət qətlin Rusiyanın əmri ilə törədildiyi qənaətində olub. Hələ də ölkədə bu fikri müdafiə edənlərin sayı az deyil. Silahlılar bunun dövlət çevrilişi olduğunu desələr də, hücumun hansı motivdə baş verdiyi hələ də müəmmalı olaraq qalır. Həmçinin Ermənistanın o zamankı prezidenti Robert Köçəryanın adı da qətlin sifarişçiləri arasında çəkilib, lakin bunu sübut edən dəlil tapılmayıb.
25 il sonra hadisə ilə bağlı “Hraparak” qəzetinə danışan məşhur erməni ekstrasens Sose Babayan bunun arxasında Rusiyanın olması ilə bağlı iddialara cavab verib:
“Mən hazırda Moskvadayam. Səmimi olaraq deyirəm ki, bu gün Rusiyada heç bir mənfi enerji hiss etmirəm. Ümumiyyətlə, sözügedən qətlin aydınlaşdırılmasında baş nazirin qardaşı Aram Sərkisyan maraqlı olmalıdır. O, hazırkı Baş nazir Nikol Paşinyana çox yaxındır. Niyə ondan bu işi yenidən açmağı tələb etmir? Əlində imkanlar var, amma susması qəribədir. Rusiyanın məsələ ilə heç bir əlaqəsi yoxdur”.Globalinfo.az