Ulusal.az xəbər verir ki, son iki gün ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətində (MTN) genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirilib. Məlumata əsasən, 40-a yaxın əməkdaş xidmətlə vidalaşıb.
İddiaya görə, bu addım MTN-nin yeni direktoru Andranik Simonyanın rəhbərliyi ilə həyata keçirilən struktur islahatları çərçivəsində atılıb. Bildirilir ki, Simonyan rəhbər təyin olunduqdan sonra xidmət daxilində “təmizləmələrə” başlayıb və yalnız ən sadiq və etibarlı hesab etdiyi əməkdaşları vəzifələrdə saxlayır.
Qeyd olunur ki, Andranik Simonyan 4 il ərzində MTN-də direktor müavini kimi çalışarkən qurumun daxili strukturunu və əməkdaşları yaxından öyrənib. Yeni təyinatdan sonra isə bu təcrübədən istifadə edərək idarəçilikdə daha sərt yanaşmalar tətbiq edir.
Rəsmi qurumlardan məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.