İranla Ermənistanın da münasibətləri sürətlə pisləşir.
Ulusal.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. “Hraparak” nəşri iddia edir ki, Paşinyanın son addımları İranı özündən çıxarıb. Bildirilir ki, İran prezidenti Rəisi Paşinyanla telefon danışığı zamanı onunla kobud rəftar edib:
“Bizim iki ənənəvi dostumuz İran və Rusiya Ermənistana qarşı günü-gündən daha sərt bəyanatlar verirlər. Ermənistanın tərəfdaş kimi Rusiyanı tərk etməsi göz qabağındadır, bəs İran prezidentinin ritorikası niyə sərt və qeyri-diplomatik olub? Paşinyanla sonuncu telefon danışığı zamanı Raisi hətta Anna Akopyanın Ukraynaya səfərinə eyham vuraraq bildirib ki, “3+3” formatından kənar ünsiyyət, xarici qüvvələrlə işləmək, onlarla hərbi təlimlər keçirmək, şübhəli səfərlər vəziyyəti daha da çətinləşdirir. Qeyri-rəsmi mənbələr prezident Rəisinin Paşinyanla çox kobud danışdığını bildirir”, – nəşr qeyd edib.
Məsələni şərh edən Ermənistan Respublikası müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan da İranla münasibətlərin korlandığını etiraf edib:
“Son dərəcə qəribədir ki, Nikol hökuməti bu gün tarixən nadir maraqların üst-üstə düşdüyü iki təbii müttəfiqimizlə münasibətləri ardıcıl olaraq korlayır. Bu gün bizdə İran və Rusiyanın maraqları ilə üst-üstə düşən kəskin təhlükəsizlik problemi var. Və bu halda iki təbii müttəfiqlə diplomatik və siyasi müstəvidə münasibətləri gərginləşdirmək və pisləşdirmək Ermənistanın təhlükəsizliyinə təsirsiz ötüşməyəcək”.publika.az