Ermənistan parlamentinin bir qrup deputatı separatçı “donetsk xalq respublikası”na səfər edib.
Ulusal.az xəbər verir ki, “RİA Novosti”nin məlumatında Ermənistan parılamentinin “Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan və onun rəhbərlik etdiyi nümayəndə heyətinin ilk dəfə olaraq “dnr”-ə “rəsmi səfərə” gəldikləri qeyd edilib.
Xəbərdə erməni deputatların qondarma “dnr”-in “parlamenti”ndə görüş keçirdiyi deyilir. Nümayəndə heyətinə rəhbərlik edən erməni parlamentinin fraksiya rəhbəri A.Tevanyan fəxrlə bu səfərin əhəmiyyətindən danışıb: “Bu, görünməmiş səfərdir, çünki Ermənistandan heç bir siyasi nümayəndə heyəti daha əvvəl “dnr”-ə səfər etməyib. Biz bununla da Ermənistanda Ermənistan-Rusiya münasibətlərinin möhkəmlənməsini müdafiə edən qüvvələrin olmasının mesajını veririk”.
Görüşdə iştirak edən Rusiya Dumasının hakim “Vahid Rusiya” fraksiyasından olan deputatı Valeri Skoroxodov isə cavabında deyib: “Dostlarımız Rusiya Federasiyası ilə sülh şəraitində yaşamaq və inkişaf etmək tərəfdarıdırlar. Mən əminəm və prezidentimizin dediyini təkrar edirəm: yalnız Rusiya ilə sabitlik və sülh olacaq”.
Göründüyü kimi, rəsmən Ermənistan parlamentində təmsil olunan siyasi fraksiya Ukraynanın ərazi bütövlüyünə qarşı açıq hörmətsizlik göstərərək, işğal olunmuş ərazilərə səfər edib və bu da azmış kimi, həmin əraziləri Rusiya torpaqlarlı kimi tanıdığını göstərib. Eyni zamanda, orada qurulan qondarma rejimin təmsilçiləri ilə rəsmi görüşlər keçirib.
Beynəlxalq hüquqa və Ukraynanın suverenliyinə açıq həqarət xarakteri daşıyan bu səfərə Ukrayna dövlətinin və hər zaman Ermənistanı dəstəkləyən Qərbin münasibəti maraq doğurur…
Video bu linkdə: https://vk.com/video-211631710_456245310