“Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm! Bu təxribat gözlənilən idi. Ermənistan uzun müddətdir ki, pozucu fəaliyyət üçün fürsət axtarırdı. Məqsəd atəşkəsin sülh müqaviləsinə çevrilməsinin qarşısını almaqdır”.
Bu sözləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı deyib.
Politoloq bildirib ki, Ermənistanın bu təxribatının qarşısı qətiyyətlə alındı.
“Bu gün regiondakı vəziyyəti gərginləşdirməkdə yalnız bir ölkə maraqlıdır. Sözsüz ki, bu da İrandır. Rəsmi Tehran regionda vəziyyəti gərginləşdirməklə daxildə baş verən etirazların səngiməsinə nail olmaq istəyir. Həm Ermənistana, həm də Azərbaycana qonşu olan İran bitərəf olmaq əvəzinə, strateji prioriteti Ermənistana verib. İran Ermənistana hər cür – siyasi, diplomatik, hərbi dəstək verir. Dünənki təxribatda da İranın silahlarından istifadə edildiyi göründü. Təxribatın törədildiyi saatdan indiyə qədər Azərbaycan-Ermənistan-İran sərhədində İran PUA-ları kəşfiyyat işlərini davam etdirir. Bu, onların əlbir olduqlarının sübutudur. Atəşkəs razılaşmasından 30 ay keçməsinə baxmayaraq, Ermənistan verdiyi sözlərə əməl etmir, ikili oyun oynayır, sülh müqaviləsi niyyəti yoxdur. Ermənistan mövcud durumdan qazanmağa çalışır. Azərbaycan əsgərinin axan 1 damla qanına, Azərbaycan torpağının bir qarışına edilən hücumlara, təxribatlara misli ilə cavab veriləcək. Ermənistan ordusuna birinci səviyyəli həyəcan siqnalı verilib. Bu, təxribatın planlı şəkildə həyata keçirildiyini göstərir. Çünki Ermənistan ordusunda bu səviyyədə hazırlıq olmayıb. Erməni mənbələrində mülki şəxslərin belə silahlandırıldığı, səfərbər edildiyi haqda görüntülər yayılıb. Bu, Azərbaycanın uzatdığı barış əlini geri çevirən Ermənistanın son xətası olacaq. Əminəm ki, Ermənistan dəmir yumruğu bir daha başında hiss edərək ən qısa vaxtda sülh müqaviləsini imzalamaq üçün can atacaq. ” -deyə Arzuman Muradlı bildirib.






















