image-2000x150
image-tofiq-660x330backend

“Ermənistan bizə 4 yox, 334 kənd qaytarmalıdır” – Tofiq Zülfüqarov

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın tələb etdiyi 4 kəndi qaytarmağın mümkün olmadığını bildirib.

O qeyd edib ki, Tavuş bölgəsindəki 4 kəndin qaytarılmasından söhbət belə gedə bilməz. Ermənistanın baş naziri həmçinin iki ölkə arasında delimitasiya prosesinin Tavuş bölgəsindən başlanmasını təklif edib.

Paşinyanın son açıqlamalarını Bakupost.az -a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfiqarov bildirib ki, Ermənistan 2018-ci ildən bəri bu cür həmlələrdən istifadə edir:

“Bu növbəti təxribat xarakterli addımlardan biridir. Buna ciddi yanaşmaq lazım deyil. Ermənistan belə variantlardan çox istifadə edib. Demək olar ki, onun bütün açıqlamaları bir-birinə zidd olub. Ümumiyyətlə, təkcə Paşinyanın deyil, bütövlükdə Ermənistanın bütün siyasi qurumlarının yetkil fikir və mövqeyi yoxdur”.

T.Zülfüqarov qeyd edib ki, Sovet İttifaqının dağıldığı ilk vaxtlarda Alma-Ata bəyannaməsinin prinsiplərindən imtina edən Ermənistanın bu gün həmin sənədi əsas götürməyə haqqı çatmır:

“Ermənistanın bu imtinası qanuni şəkildə sənəd üzərində təsdiqlənib. Paşinyanın müxtəlif dövrlərdə keçirdiyi konfranslara nəzər salsaq, görərik ki, onun heç bir bəyanatı digəri ilə uyğun gəlmir. Əvvəlcə 1975-ci ilin xəritəsini əsas götürən Paşinyan sonradan heç yerdə olmayan rəqəmləri səsləndirirdi. Məsuliyyətsiz və reallıqdan uzaq bəyanatların məqsədi onun öz siyasi mövcudluğunun ömrünü uzatmaqdan başqa bir şey deyil”.

Ermənistan Azərbaycana məxsus kəndləri geri qaytarmaqdan qəti şəkildə imtina edəcəyi təqdirdə iki ölkə arasında hərbi toqquşma baş verə bilərmi?

Bu suala cavabında Tofiq Zülfüqarov bildirib ki, iki dövlət arasında danışıqlar aparılmalı və Ermənistan kəndləri qaytarmalıdır:

“Hazırda Azərbaycan diplomatik baxımdan elə bir mövqe sərgiləyir ki, bu məsələ yalnız danışıqlar zamanı müzakirə olunmalıdır. Azərbaycanın tam hüququ var ki, bolşevik Rusiyası ölkəmizi işğal edərkən qüvvədə olan xəritələrin əsas götürülməsini tələb etsin. Əslinə baxılarsa, Ermənistan bizə 4 yox 334 kənd qaytarmalıdır”.

Paşinyanın delimitasiya prosesinin Tavuşdan başlaması, kommunikasiyaların bu bölgədən keçməsi haqda təkliflərinə gəlincə, sabiq xarici işlər naziri bildirib ki, Ermənistan ilk növbədə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:“Paşinyan yalnız bundan sonra yeni kommunikasiyalardan danışa bilər. İlk növbədə Zəngəzur dəhlizi açılmalı və bundan sonra iki dövlət danışıqlara getməlidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90