Ermənistan sərhədin bir neçə istiqamətində atəşkəsi pozub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonundakı mövqelərindən Ordumuzun Laçın rayonu istiqamətindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bəs sülh müqaviləsi layihəsinin müzakirə edildiyi vaxtda İrəvanın təxribatlara əl atması nədən xəbər verir, məqsəd nədir?
Modern.az mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun və Milli Məclisin deputatı Elçin Mirzəbəylinin fikirlərini öyrənib.
Sabiq xarici işlər naziri bildirib ki, Ermənistan daim müxtəlif qüvvələrin təsiri altında olub:
“Bəzi qüvvələr Ermənistanı təsir vasitəsi kimi istifadə edirlər. Ermənistanın hərbi baxımdan Azərbaycandan qat-qat zəif olduğunu özləri də etirtaf edirlər. Bu şəraitdə onların növbəti təxribatlar törətməsi sadəcə beynəlxalq diqqəti bölgəyə cəlb etmək istəyi ilə bağlı ola bilər. Digər versiya isə Ermənistanın güc strukturlarında hakimiyyətə müxalif mövqeli hərbçilərin çox olması ilə bağlı ola bilər. Həmin hərbçilər baş nazir Paşinyana təzyiq göstərmək üçün bu təxribatlara əl ata bilərlər”.
Deputat Elçin Mirzəbəyli bildirib ki, 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çoxsaylı imkanlar yaransa da, məhz İrəvanın və onu himayə edən qüvvələrin təxribatları sayəsində yekun nəticə əldə olunmadı:
“Qənaətimə görə, atəşkəsin pozulmasında fərqli maraqlar iştirak edə bilər. Bəlli olduğu kimi, Ermənistan baş naziri son müsahibəsində bəzi məqamlar istisna olmaqla, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü və eyni zamanda rəsmi Bakı tərəfindən irəli sürülən obyektiv, haqlı şərtlərin əhəmiyyətli hissəsinin qəbul olunmasının mümkünlüyünü dilə gətirmişdi. Atəşkəsin pozulmasının məhz bu açıqlamadan sonra baş verməsi paradoksal situasiya yaradır. Məncə, burada daxili təxribatların yer alması da mümkündür”.
E.Mirzəbəyli qeyd edib ki, Ermənistan bir tərəfdən ənənəvi qaydada sülh bəyanatları verir, digər tərəfdən isə atəşkəsi pozmaqla, prosesin yenidən sıfır nöqtəsinə qaytarılmasına səy göstərir:
“Azərbaycanla Ermənistanın Delimitasiya komissiyalarının birgə iclasa toplanması zaman məsələsidir. Ola bilsin ki, sərhəddə insidentin yaradılması niyyəti məhz bu prosesin qarşısnın alınmasına yönəlib. Paşinyanın açıqlamasında üçüncü ölkələrin, indiki şəraitdə Avropa və NATO üzvü olan dövlətlərin “müşahidə missiyası”nın sərhəddə olması bilavasitə demarkasiya olunmayan ərazilərlə əlaqələndirilirdi. Görünür Nikol Paşinyan Azərbaycanın məhz xarici qüvvələrin bölgədə olmaması ilə bağlı şərtini yerinə yetirməməsi və “müşahidə missiyası”nın fəaliyyətini davam etdirməsi üçün belə provakasiyalara əl atmaqla prosesi yenidən dalana dirəmək istəyir. İndiki şəraitdə görünən mənzərə bundan ibarətdir”.