Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 30-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında çıxışı zamanı diqqətçəkən bəyanatla çıxış edib. O, Qarabağdan könüllü şəkildə köçmüş və Azərbaycan vətəndaşlığını qəbul etməmiş ermənilərin gələcəyinin artıq yalnız Ermənistan və Ermənistan vətəndaşlığı ilə bağlı olduğunu bildirib.
Politoloq Arzuman Muradlı hesab edir ki, ermənilərin Qarabağa qayıdışı artıq mümkün deyil.
“Paşinyanın bu mövqeyi, xüsusilə də AŞPA-da və digər beynəlxalq dairələrdə ermənilərin Qarabağa qayıdışı ilə bağlı çağırışlar edən deputatlar və lobbi qrupları üçün də gözlənilməz olub. Bir sıra Avropa ölkələrində erməni lobbisinin təsiri altında olan siyasətçilər bu məsələni gündəmdə saxlamağa çalışır, müxtəlif platformalarda bu istiqamətdə tədbirlər təşkil edirlər. ABŞ Konqresində də oxşar çağırışlar səsləndirilir; başda Frenk Pallone olmaqla, ermənipərəst konqresmenlər Dövlət Katibi Marko Rubiodan ermənilərin Qarabağa qayıdışını dəstəkləməsini tələb edirlər. Amma Azərbaycan dövləti vaxtında ermənilərə bu təklifləri versə də, ermənilər Azərbaycan vətəndaşı olmaqdan imtina etdilər və Qarabağı tərk etdilər. Hesab edirəm ki, indiki halda və yaxud gələcəkdə ermənilərin Qarabağa qayıdışı mümkün deyil” – deyə Arzuman Muradlı bildirib.
“Paşinyan anlayır ki, Azərbaycan qanunlarını və suverenliyini qəbul etməyən şəxslərin Qarabağa qaytarılması çağırışları sülh prosesinə ciddi zərər vura bilər. O, çıxışında açıq şəkildə bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birini “rahat buraxmalı” və diqqəti iqtisadi əməkdaşlığa və dialoqa yönəltməlidirlər. Paşinyanın bu yanaşmasının arxasında daha bir strateji düşüncə də dayanır: o hesab edir ki, əgər ermənilər Qarabağa qayıtmırsa, o zaman azərbaycanlıların da vaxtilə yaşadıqları Qərbi Zəngəzura qayıtmaq tələbləri gündəmə gətirilməməlidir. Bu, onun üçün qarşılıqlı balans siyasətidir. Amma reallıq başqadır. Ermənilər Qarabağa qayıtmaq istəməsə də, azərbaycanlılar Qərbi Azərbaycana qayıtmaqda israrlıdırlar və qayıdacaqlar. Eyni zamanda, Paşinyanın Qarabağ ermənilərinin qayıdışı ilə bağlı susqunluğu təkcə siyasi deyil, həm də reallığa əsaslanır. Fakt ondan ibarətdir ki, keçmişdə Qarabağda yaşamış ermənilərin özləri də geri dönmək istəmir. Əgər belə bir istək olsaydı, ictimai çağırışlar və təzyiqlər müşahidə olunardı. Lakin bu, baş vermir. Çünki onlar da anlayırlar ki, geri dönüş yalnız Azərbaycan qanunları və vətəndaşlığı əsasında mümkündür. Bu şərtləri qəbul etməyənlər üçün qayıdış imkansız görünür. Nikol Paşinyanın mövqeyi həm beynəlxalq lobbi fəaliyyətlərini zəiflədib, həm də Ermənistan ictimaiyyətinə mesaj verib: Qarabağ məsələsi yeni reallıqlar əsasında dəyərləndirilməli və Ermənistan Qarabağ erməniləri üçün yeni həyat qurmaq məsuliyyətini üzərinə götürməlidir.” – deyə Arzuman Muradlı bildirib.