Dünəndən etibarən sosial şəbəkələrdə Qarabağda yaşayan ermənilərin öz ailələrini Xankəndidən İrəvana köçürdüklərinə dair çeşidli xəbərlər yayılıb. Ulusal.az xəbər verir ki, Xankəndinin qondarma “meri” və ailəsinin bölgədən qaçması isə yeni bir təklifin gündəmə gəlməsinə səbəb olub.
Belə ki, bir qrup Qarabağ ermənisi və onlara qoşulan Ermənistandakı soydaşları qadın və uşaqların bölgədən İrəvana köçürülməsi təşəbbüsü ilə çıxış ediblər. Onlar bildirirlər ki, Qarabağda vəziyyət yaxşı deyil və bu səbəbdən qadın və uşaqları risk altında saxlamağa gərək yoxdur.
Təbii ki, ermənilər ənənələrinə sadiq olaraq, məsələdə Azərbaycanı ittiham ediblər. Bunu da belə əsaslandırıblar ki, guya, rəsmi Bakı Qarabağda antiterror əməliyyatına hazırlaşır və guya, bu baş verərsə, mülki əhaliyə ziyan dəyə bilər.
Hərçənd erməni diasporası bunun əleyhinə çıxır. Dünən “Hraparak” qəzeyinə açıqlama verən diaspora üzvləri qadın və uşaqların Qarabağdan çıxarılmasının əleyhinə çıxış ediblər. Onlar bunun “yolverilməz” olduğunu deyiblər. Bunu isə onunla əsaslandırıblar ki, əgər qadın və uşaqlar Qarabağı tərk edərsə, Azərbaycana böyük bir şans verəcəklər. “Bu baş verərsə, Azərbaycan açıq şəkildə bəyan edəcək ki, Qarabağda mülki əhali yaşamır və oradakıların hamısı mülki və hərbi geyimli terrorçulardır”.
Əslində isə bu təklifi irəli sürənlərin məqsədi aydındır. Artıq bunun ilk ipucları dünən özünü göstərib. Ulusal.az Caliber.az saytına istinadən xəbər verir ki, dünən 6 nəfərdən ibarəti quldur dəstəsinin üzvü Ağdamın Paprəvənd kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərinə yaxınlaşıblar. Onlar təcili tibbi yardım maşınında olublar və bu zaman əvvəlcə hərbçilərimi təhqir ediblər, ardından isə mövqelərimizi avtomat silahlardan atəşə tutublar.
Bu hadisənin özü onu deməyə əsas verir ki, erməni silahlı quldurlarının konkret planları var. Həmin plana əsasən onlar mülki geyimdə mövqelərimizi atəşə tutub, bununla durumu gərginləşdirmək və Azərbaycan Ordusuna qarşı təxribatlar törətmək istəyirlər. Eyni zamanda, belə bir addımın atılması onunla əlaqəlidir ki, Qarabağda qanunsuz erməni silahlı dəstələri yeni hərbi əməliyyatlara başlamaqda maraqlıdır.
Nəzərə alaq ki, hazırda Qarabağda 20 minə yaxın qanunsuz silahlı quldur dəstəsi var. Onlar Ermənistandan Rusiya vasitəsi ilə göndərilmiş xeyli silah və sursata malikdirlər. Digər tərəfdən, Vardanyan, Saakyan və Qukasyanın Rusiyadan aldıqları təlimatlara uyğun hücumlar təşkil edib, terrorçuluqla məşğul olmağı hədəfləyirlər. Qadın və uşaqların bölgədən çıxarılması da məhz buna hesablanmış addımdır.
P.S. Qarabağdakı quldur dəstəsinin başında duranlar hələ də anlamırlar ki, 20 min kv.km işğal olunmuş ərazilərimizdə, 30 il möhkəmləndikləri, milyardlarla xərc çəkib beton istehkamlar qurduqları, milyardlara dollarlıq silah və sursata malik olduqla halda Azərbaycan Ordusunun qarşısında cəmi 44 gün duruş gətirə bildilər. İndi onlar 2500 kv.km ərazidə nəsə irəliləyiş etmək fikrindədirlərsə, deməli, ağıllarını itiriblər. Hazırda onların cəmi iki yolu var. Ya Azərbaycan vətəndaşlığını qəbul edirlər, ya da çıxıb gedirlər.