Azərbaycanın tələbi ilə qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus 56 zirehli texnika Qarabağ ərazisindən çıxarılıb.
Qeyd edək ki, bu barədə məlumatı qondarma rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayan yayıb.
Onun sözlərinə görə, Araik Arutyunyan və Vitali Balasanyan bununla bağlı Bakı ilə razılığa gəliblər. Bir sıra erməni siyasi analitiklər isə bunu qondarma rejminin özünümüdafiə ordusunun tərkisilah edilməsi kimi qiymətləndirib.
Onlar hesab edirlər ki, bölgənin demilitarizasiya edilməsi Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesini sürətləndirəcək.
Ümumiyyətlə, qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus zirehli texnikaların Qarabağdan çıxarılması nə dərəcədə həqiqətəuyğun ola bilər?
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev açıqlamasında qeyd edib ki, Samvel Babayanın bu məlumatı həqiqətə uyğun deyil:
“Samvel Babayan qondarma qurumun sabiq “rəsmisi” olaraq Qarabağda baş verən proseslərdən kifayət qədər məlumatlıdır. Lakin qondarma rejimə məxsus 56 zirehli texnikanın Qarabağdan çıxarılmasına dair əlimizdə heç bir görüntü və ya təsdiqlənən məlumat mövcud deyil.
Samvel Babayanın bu texnikaların nədən ibarət olduğu və nə zaman çıxarıldığını açıqlamaması məsələyə bir qədər şübhə ilə yanaşmağa vadar edir. Bildiyimiz kimi, keçən ilin dekabr ayından sonrakı müddətdə Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarəti altında ərazilər üzərində müşahidə imkanları intensivləşib. Hətta 44 günlük Vətən müharibəsindən bir qədər müddət keçdikdən sonra Rusiya sülhməramlı kontigentinin məsuliyyət zonasına daxil olan ərazilərə giriş-çıxışa vizual müşahidə imkanlarımız mövcud olub.
Xatırlayırsınızsa, İrandan gələn yanacaq daşıyan maşınların və ya diversiya qruplarının Qarabağa daxil olmasından cəmi yarım saat sonra əldə etdiyimiz vizual görüntülər sosial şəbəkələrdə yayılmışdı. Belə olan halda qondarma rejimə aid olan 56 zirehli texnikanın Azərbaycanın xəbəri olmadan Qarabağdan çıxarılması real ola bilməz. Əgər Samvel Babayan bu hadisənin baş verdiyi tarixi açıqlamırsa, deməli, onun yaydığı məlumat həqiqətə uyğun deyil”.
Hərbi ekspertin sözlərinə görə, bu il aprelin 23-dən Azərbaycanın hərbi-siyasi rəhbərliyi ölkənin sərhəd bütövlüyünü tamamilə bərpa edib:
“Laçın yolundakı sərhəd-keçid məntəqəsindən nəinki bizim nəzarətimizdən kənarda texnikanın, hətta istənilən erməni sakinin qeyri-qanuni şəkildə bir milli qram yük keçirtməsi də qeyri-mümkündür. Buna görə də Babayanın bəyanatı bir qədər reallıqdan uzaqdır. Hesab edirəm ki, 56 ədəd zerihli texnika Qarabağdan çıxarılmayıb, əksinə bu texnikalar həmin bölgədə qeyri-qanuni erməni silahlı birləşmələrinin mövqelərindən çıxarılıb konkret bir ərazidə toplanılıb.
Çünki hazırda biz erməni mövqelərində zirehli və ağır texnikaları görmürük. Yalnız həmin mövqelərə zirehli texnika sinfinə aid olmayan silahları daşıyan yük maşınlarının hərəkətini müşahidə edirik”.Cebhe.info





















