Sosial şəbəkələrdə yayılan məlumata görə, ermənilər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar böyük narahatlıq keçirirlər. Müzakirələr zamanı bildirilir ki, Azərbaycan Ordusunun yaxın günlərdə sürprizlər edə biləcəyi ehtimalları yüksəkdir.
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə Pravda.az-a açıqlamasında deyib ki, ermənilər onsuz da yeri oldu-olmadı, narahatdırlar.
“Yaxşı olar, ermənilər artıq Azərbaycan ərazilərinə qarşı iddialarından əl çəkmək, Azərbaycan ərazisinə aidiyyəti olmayan şəxslər isə qərar vermək barədə düşünsünlər. Onsuz da yaxın vaxtlarda – bunu ölkə rəhbərliyi daha dəqiq bilir – ermənilərlə bağlı ölçü götürüləcək. Azərbaycan ərazisinə aidiyyatı olmayan şəxslər məsuliyyətə cəlb olunacaqlar, aidiyyatı olan şəxslər isə qalıb Azərbaycan qanunları çərçivəsində həyatlarını davam etdirə bilərlər. Buna həm Azərbaycan Konstitusiyası tərəfindən, həm də Azərbaycan rəhbərliyi tərəfindən beynəlxalq zəmanət verilir. Ermənilərin Heydər Əliyevin 100 illiyi ilə bağlı narahatlığı və mayın 10-da Azərbaycan Ordusu tərəfindən əməliyyat keçiriləcəyi ilə bağlı fikirlərə isə ciddi baxmıram. Buna qalsa, il ərzində onlarla bayram olub. Həmin bayramların heç birində Azərbaycan hər hansı hücum əməliyyatı keçirməyib, yaxud tarixi addım atmayıb. 2020-ci ilin sentyabr ayını xatırlasaq, o vaxt nə baş verdi? Azərbaycan məcburiyyət qarşısında qalıb qərar verdi. Savaşın 44 gün davam edəcəyi də bilinmirdi, amma iş elə alındı ki, 44 gün davam etdi”, – ekspert deyib.
Ü.Cəfərov bildirib ki, artıq Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşəcəyi barədə xəbər yayılıb: “Ermənilər həm bu, həm də Moskvada baş tutacaq görüşü, eyni zamanda tərəflər arasında sənədin imzalanmasını əngəlləmək üçün müxtəlif təxribatlara, dezinformasiyalara əl atırlar. Bildiyimə görə, Azərbaycan və Ermənistan rəhbərləri bu həftənin sonunda yenidən Brüsseldə bir araya gələcəklər. Düşünürəm ki, bu, Kişinyovda baş tutacaq görüş öncəsi sonuncu və final görüşlərindən biri olacaq. Brüsseldə müzakirələr yekunlaşdıqdan sonra, ola bilsin, iyunun 1-də tərəflər arasında hər hansı sənəd imzalansın. Amma ermənilər başqalarının əlində vasitə olduğuna görə, düşünürəm, var gücləri ilə çalışacaqlar ki, bu prosesi də pozsunlar”.