” Son bir neçə gün ərzində erməni təxribatlarının sayı artıb. Məncə bu ermənilərin son çırpıntılarıdır. Azərbaycan əsgəri ermənilərə layiqli cavab verir və onların atəş nöqtələrini məhv edir. Təxribatlar həm iki ölkənin şərti sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində törədilir.” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Laçın sərhəd-buraxılış məntəqəsinə “humanitar yardım” adı altında yüklərin keçirilməsinə nail ola bilməyən Ermənistanın növbəti təxribatlarını genişləndirəcəyi kimsədə şübhə doğurmurdu.
“Təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi və təsirli addımlar atmaqla yanaşı, atəşkəs pozulan mövqelərə bayrağımızı sancmalı və əsgərlərimizin həmin mövqelərdə xidmət aparmasını təmin etməlidir. Əks halda belə təxribatlar hələ uzun müddət davam edə bilər.Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Kameraların quraşdırılmasına gəldikdə isə hesab edirəm ki, Azərbaycan tərəfi onları quraşdırılan gün sıradan çıxarmalıdır. Belə ki, müşahidə vasitələrinin fəaliyyətinə imkan vermək olmaz. Çünki ölkəmizin qanunvericiliyində silahlı birləşmələrin və ya güc strukturlarının hərəkətini izləmək və onlara nəzarət etmək imkanları yalnız qanunda müəyyənləşdirilmiş qurumlara aiddir. Ərazilərimizdə yerləşən qeyri-qanuni silahlı birləşmələrin və yaxud Ermənistan ordusunun və yaxud onların maliyyələşdirdiyi digər təxribatçı silahlı qüvvələrin Azərbaycana aid hissə və bölmələrin fəaliyyətini izləməsi qanuna tamamilə ziddir.Nəticə etibarilə Ermənistanın bütün qanunsuz fəaliyyətlərinin qarşısının alınması və düşmən silahlılarının ümumiyyətlə Qarabağdan tamamilə təmizlənməsi üçün Azərbaycanın daha sərt addımlar atması labüddür”, – deyə Arzuman Muradlı vurğulayıb.