O, İran hökumətinin ölkədə yaşayan ermənilərə qayğıkeşliyindən ağız dolusu dəm vuraraq, ermənilərə aid kilsə və mərkəzlərə verilən dəstəyi yüksək qiymətləndirib
Güney Azərbaycanda yaşayan ermənilərin Yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçiyan İran hökumətinə minnətdarlıq edib. O, İran hökumətinin ölkədə yaşayan ermənilərə qayğıkeşliyindən ağız dolusu dəm vuraraq, ermənilərə aid kilsə və mərkəzlərə verilən dəstəyi yüksək qiymətləndirib.
Çiftçiyan İranın ərazi bütövlüyünün qorunub saxlanılmasını bütün ermənilərin böyük arzusu olduğunu qeyd edib.
Xatırladaq ki, Çiftçiyan bir neçə gün öncə də Fransanın “Charlie Hebdo” nəşrinin Xameneyinin İranda etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc etməsindən narahatlığını ifadə edib.
“Bu addım ermənilərin də ürəyini yaralayıb”, deyə erməni keşişi bildirib.
Qeyd edək ki, şəkil erməni keşiş Çiftçiyanın bir müddət öncə Ərdəbilin əyalət mollası və anti-Azərbaycan mövqeyi ilə tanınan Ayətullah Həsən Ameli ilə görüşünə aiddir.
Bu kimi görüşlər tez-tez baş tutur və Tehran rejiminin ermənilərlə isti münasibətlərini əks etdirən fotolar bu gün internet şəbəkələrini “bəzəməkdədir”.

Daha bir məqamı xatırladaq ki, Tehran rejimi Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qaldığı dövrlərdə Qarabağda dağıdılan və yer üzündən silinən dini ibadətgahlarımızla, məcsid və ziyarətgahlarımızla, müsəlman qəbirlərinin dağıdılması ilə bağlı etiraz bəyanatları səsləndirməyib. Əksinə, bu gün İranın ermənilərin kompakt yaşadıqları müxtəlif şəhərlərində qondarma erməni soyqırımına aid edilmiş abidə və xatirə kompleksləri fəaliyyət göstərir. Eləcə də Tehranda ermənilər üçün nəhəng ictimai bina istifadəyə verilib və hər il orada Azərbaycan əleyhinə tədbirlər keçirilməkdədir.

Həmçinin, bu gün İranda Azərbaycan dilində tədrisin keçirilməsi kəskin məhdudiyyətlərlə qarşı-qarşıya qalıb. Ölkə TV-nın və radiosunun Azərbaycan dilində yayımlanan verilişlərində yalnız Azərbaycan əleyhinə siyasət mexanizmi işlədilir. Bütün bunlardan sonra İranın Azərbaycanla münasibətlərində hər hansı səmimiyyətli davranış göstərməsinə sadəcə qeyri-ciddi baxmaq olar.
Rövşən RƏSULOV






















