image-rt-reklam
image-1backend

Ərəb saçına dönən söhbət – ərəb turistlərin hamısı pis deyil, pis turistlərin hamısı ərəbdir  

image-728x90

Bir adamın təhqir edilməsi yalnız bir adama qarşı həqarətdir və o təhqirə cavab verib-verməmək onun özünün müstəsna hüququdur.

Ancaq bir xalqa, onun müqəddəs saydıqlarına qarşı həqarət xalqın hər bir fərdinə qarşı yönəlmiş hərəkətdir. Bu zaman insanlar təkcə özlərinin yox, həm də yaxınlarının, əzizlərinin təhqir olunduğu qənaətinə gəlir, ona görə də ümumi və kütləvi hiddət beşə, ona qatlanır.

Ərəb turistlərin 35 ildən bəri müqəddəs saydığımız, hər il kütləvi şəkildə ziyarət etdiyimiz ocağımızda – Şəhidlər Xiyabanında artıq-əskik, biədəb hərəkət etmələri bu üzdən ciddi ictimai rezonans və hiddət doğurub.

Belə də olmalıydı. Olmaması qəbahət olardı.

Ortalıqda ksenofobik replikalar, irqçi, millətçi çağırışlar da uçuşur. Bu da təbiidir. İnsanların hamısı öz fikirlərini siyasi-diplomatik stildə ifadə etmək qabiliyyətində deyillər. Hər təbəqənin öz sevimli ifadə tərzi var və ona uyğun olaraq baş verənlərə münasibət bildirir.

Bir, beş, on nəfərin yaramazlığına, mədəniyyətsizliyinə, vəhşiliyinə görə bütöv millət haqqında ümumi mənfi qənaət yaratmaq gerçəkdən də düzgün deyil. Son 3-5 ildə ölkəmizə yüz minlərlə ərəb turist gəlib-gedib. Onların tam əksəriyyəti ölkəmizə ailə-uşaqları ilə gəlib, dincəlib, sakitcə də qayıdıb gediblər – hər hansı qalmaqalda subyekt, mənfi xəbərdə mübtəda olmayıblar.

Onlarla yanaşı ölkəmizə əhlikef gənclər də gəlib. Amma biz çoxsaylı normal turistin davranışlarına yox, kefcillərin davranışına diqqət yetirirk.

Məhz bu hərəkət çoxdan anti-ərəb ovqatlı insanların çayına şəkər salıb, ona görə də əminliklə “gördünüzmü, biz deyirdik, bunlar belədirlər” deyə bilirlər.

Eyni zamanda özünü Avropanın elit zümrələrinə xas düşüncədə göstərərək, “hər millətin yaxşısı-pisi, mədənisi, kobudu var, ümumiləşdirmə aparmaq olmaz, bu irqçilikdir” deyənlər də var.

Həqiqət isə budur: illərdir dünyanın azı 100 ölkəsindən ölkəmizə gələn milyonlarla turistin içində ən çox şikayət olunan, özlərini yumşaq desək, nümayişkaranə şəkildə yaxşı aparmayanlar məhz ərəb turistlərdir. İnsanlar bunu görür, bir-birinə danışırlar, nəticədə ümumi rəy yaranır. Başqa sözlə, durumu belə parafraz etmək olar: “Ərəb turistlərin hamısı pis deyil, amma pis turistlərin hamısı ərəbdir”.

Heç danimarkalı, isveçli, hollandiyalı, avstriyalı turistlərin Bakıda özlərini nalayiq apardıqları barədə hər hansı bir xəbər oxumusunuzmu, video görmüsünüzmü? Bir-iki epizod ola, ya olmaya.

Hətta davakarlıqda ad çıxarmış ingilis, italyan azarkeşlər də ölkəmizə gələndə öz dostlar dairəsində yeyib-içir, əylənir, gəzir, paytaxt sakinlərinə problem yaratmadan, yerli qanunlara zidd hərəkət etmədən çıxıb gedirlər.

Başqa ölkələrə qonaq gedənlər mütləq özlərini normal, ölçülü bir çərçivədə aparmalıdırlar. Çünki öz ölkələrində edə biləcəkləri hərəkətləri orada edə bilməzlər. Onlar öz ölkələrində etdikləri xuliqanlığın altından vəzifəli qohum, əlaqəli dost-tanış, yetərli pul-para hesabına sıyrıla bilərlərsə, yad ölkədə o imkanları yoxdur.

Əslində dünyanın hər yerində müəyyən ölkələrdən gələn turistlərə bəri başdan mənfi münasibət var. Çünki “bir axsaq dana bir naxırın adını batırıb”, həm də o ”axsaq dana” bir, on, yüz olmayıb, min olub. Bu səbəbdəndir ki, Avropada “gəlmələr” qətl, qarət, zorlama törədəndə yerli hüquq-mühafizə orqanları yaydıqları açıqlamada canilərin mənsub olduğu millətin, hətta özlərinin də adlarını (adam adı çəkilsə, milliyəti təxmin etmək mümkün olar) çəkmirlər ki, hadisəyə görə yaranmış total ictimai hiddət məcrasından çıxaraq ayrıca götürülmüş xalqın üzərinə yönəlməsin. Konkret olaraq, Skandinaviya ölkələrində, Hollandiyada bu prinsipə ciddi riayət edirlər.

Bəlkə biz də elə edə bilərdik. Amma o zaman gərək turistlərin üzünü, hərəkətlərini göstərən videoları yaymayaydıq. Hətta onların üzü blurlansa da, fizionomiyalarından milli məsubluqları bilinəcəkdi.
Məsələyə bir də bu yöndən yanaşmaq lazımdır ki, belə hərəkət edənlər qəbahətlərini videoya çəkiblər və bunu yayıblar. Bu, artıq ölkəmiz haqqında mənfi rəy yaratmaq səciyyəsi daşıyır: baxın, biz bomba oğlanıq, yeyib-içib gəzirik, bu ölkənin camaatı isə əfəldir, biri ortaya çıxıb bizə “gözün üstə qaşın var” demir.

Əminəm ki, Şəhidlər Xiyabanında ədəbsizlik edən turistlər öz ölkələrinə qayıtdıqdan sonra Bakıda necə lotuluq etdiklərindən danışa bilməyəcəklər. Çünki onların hərəkətlərinin axırı pərtliklə, xoşagəlməz şəkildə bitdi, lovğalanılası yeri qalmadı.musavat.com

Xalid KAZIMLI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90