“Bloomberg”ə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təqdim edəcəyi iddia edilən Ukrayna münaqişəsinin dondurulması planı Rusiyaya uyğun deyil.
Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz “Bloomberg” nəşrinə diqqət yetirdik. Hərbi təmas xəttinin “dondurulması” variantı Rusiya tərəfi üçün apriori qəbuledilməzdir. Prezident Vladimir Putin tərəfindən müəyyən edilmiş şərtlər aktual olaraq qalır. Münaqişəni dayandırmaq üçün bunu etmək lazımdır”, – Kreml sözçüsü bildirib.
Xatırladaq ki, “Bloomberg” mənbələrə istinadən məlumat yaymışdı ki, Ərdoğan Ukrayna lideri Volodimir Zelenskiyə Rusiyaya güzəşt olaraq NATO-ya üzvlüklə bağlı müzakirələri ən azı 10 il təxirə salmağı təklif etmək niyyətindədir.
Bundan əlavə, Türkiyənin münaqişəni “dondurmaq” təklifi Donbassda silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur. Ərdoğanın əlavə zəmanət olaraq orada beynəlxalq qoşun yerləşdirməyi və NATO-dan kənarda qalmağa razılıq verdiyinə görə kompensasiya olaraq Qərbin Ukraynaya hərbi təchizat verməsini təklif edəcəyi gözlənilir.