Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Ədalət və İnkişaf Partiyası (AK Partiya) Xarici Əlaqələr İdarəsi 2028-ci ildə baş tutacaq seçkilərlə bağlı hərəkətə keçib.
Sərhəd keçid məntəqələrində ölkəyə istirahət üçün gələn xaricdə yaşayan türklərə bukletlər paylanmağa başlanıb. Bukletlərdə AKP-nin 23 il ərzində xaricdəki soydaşları üçün xidmətləri qeyd edilib.
Həmçinin səsvermə imkanları, elektron hökumət sayəsində Türkiyəyə gəlmədən həyata keçirilə biləcək rəsmi işlər, pasport prosedurları, xarici valyuta ilə hərbi xidmət, sosial təminat, səhiyyə və gömrük, nəqliyyat və səyahət imkanları izah edilib.
“Türkiyə” qəzetinin məlumatına görə, bukletə 2002-ci ildə 163 olan xarici nümayəndəliklərin sayının 260-a yüksəldilməsi, e-Konsulluq xidməti, mobil konsulluq xidməti, konsulluq zəng mərkəzi kimi xidmətlərin 24-ə çatdırılması, 24/7 8 dildə xidmət göstərən konsulluq Çağrı mərkəzi kimi xidmətlərin tətbiq edildiyi və xaricdə yaşayan vətəndaşlar arasından onları təmsil edən millət vəkilləri seçildiyi barədə məlumatlar da daxildir.
Bundan başqa, bukletdə Yunus Əmrə İnstitutu, Xaricdəki Türklər və Qohum Toplumlar, Türkiyə Maarif Vəqfi, Türkiyə Böyük Millət Məclisinin Xaricdəki Türklər və Qohum Toplumlar Alt Komissiyası kimi qurumların fəaliyyətləri də izah edilir.