image-2000x150
image-9f5e0d4fd24d3bcc376817b4c3b45b9fbackend

Ərdoğan ənd Oğan “zəlzələsi” – 23 may, 23 rəy

image-728x90

Dünən axşamüstü sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində 7+ ballıq zəlzələ oldu. Necə deyərlər, yer yerindən oynadı. Afterşokları bu gün də davam edir.

O “zəlzələ”nin episentri prezidentliyə namizəd Sinan Oğanın ofisi idi. Cənab Oğan 28 mayda keçiriləcək təkrar seçkilərdə, daha dəqiqi, seçkilərin ikinci turunda hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi barədə bəyanat verməklə milyonların qəlbini ehtizaza gətirmişdi.

Birdən-birə bu məsələyə dair bir neçə yüz min statis və şərh yazıldı. Burası artıq başqa bir təbii fəlakəti xatırladırdı – sanki dolu düşmüşdü, sel əmələ gəlmişdi. Nifrət daşqını, sevgi təzahürü, latayır lavası, çirkab püskürməsi – hamısı bir-birinə qarışmışdı.

Əslində, biz bu mövzudan hələ də əl çəkməmişik. Araya başqa bir söhbət girməsə, sabah da davam edəcəyik. Bir də bu məsələyə mayın 29-da, seçkidən sonra qayıdacağıq – o da seçkinin yekun nəticələrindən asılı olaraq.

İndilikdə isə durum bu cürdür. Baxaq, görək, sosial şəbəkədəki dostlar nə yazırlar.

Hədiyyə Şəfaqətin yazdığından anlaşılmır ki, o, Oğanı söyürmü, öyürmü. Xanım belə yazıb: “Kişi özünü əsl azərbaycanlı kimi apardı, halaldı, çaşmadı..”.

Samir Əliyev mövqeyini aydın ifadə edib və Sinan əfəndinin adıyla bağlı söz oyunu edib: “Neft puluna sınan Oğan…”.

Dadaş Əhmədli məsələyə tin bucağından yanaşıb: “Sinan OĞLAN çıxmadı…” (Bu yerdə başa təsbeh də vururlar, adətən).

Vasif Həsənli Sinan Oğanın boksçu libasında çəkdirdiyi şəkli paylaşaraq, olaya idman prizmasından yanaşıb: “Solçuları nokauta saldı”.

Razim Əmiraslanlı mövzunu qapatmağı məsləhət görüb: “Arada Türkiyədən Azərbaycana da dönün. Ölkəni yiyəsiz qoymayın”.

Tural Cəfərov bu haqq-hesabda yumoristik məqamlar tapıb: “Sinan Oğan FETÖ və PKK ilə mübarizə şərti qoymuşdu. Və AKP-ni seçdi… Anektod da elə bundan ibarətdir”.

Elxan Həsənli “dəstək söhbəti”ni ideoloji müstəvidə şərh edib: “Aşırı sağçının aşırı solçunu dəstəkləyəcəyini gözləmək sadəlöhvlükdür”. (Əlbəttə, əsas odur ki, solçular sağçıları aşıra bilmirlər).

Ozal Məmmədov siyasətə qarışmırsa da, belə hesab edir: “Ancaq Sinan Oğanın əvvəlki çıxışları ilə indiki fərqli siyasi gedişlərini dəstəkləmirəm”.

Yusif Mirzə təbii olaraq keçmiş iş yoldaşını, Sinan Oğanı müsbət xarakterizə edib (ixtisarla): “Sinan Oğanla 1995-96-çı illərdə Bakida tanış olmuşam. İlk tanışlığımızdan bu insana böyük hörmətim yaranıb. Gənc, son dərəcə ağıllı, təmkinli, xalqını, millətini, ölkəsini sevən, bununla bərabər müasir, modern, demokratik düşüncə tərzinə malik, açıq fikirli, düzgün bildiyi zaman cəsarətlə qəti qərarını verən bir insan kimi tanımışam… Olduqca diqqətli, səmimi, mehriban bir insandır. İncəsənətə, rəssamlığa böyük marağı var…”.

Natiq Ələkbərov fərqli düşünür: “Sinan Oğanın verdiyi qərarla həm öz siyasi karyerasına, həm də cənab Ərdoğana zərbə vurduğunu düşünürəm… Artıq Sinan bəyin Twitter hesabında 10 min izləyici itirdiyi deyilir…”. (Bu, bəlkə də siyasi süqutun başlanğıcıdır, üstəlik, “Sinan bitdi” yazanlar da çoxdur).

Rūzgar Rūzgar da təxminən eyni fikirdədir: Oğanın bu gedişi yaxşı mənada “əks təpki”-də göstərə bilər . Necə ki İmamoğlu təkrar seçkidə yüksək səs almışdı”. (Tərəfdarın ümid ikinci turdan sonra ölür, bir qayda olaraq).

Nahid Canbaxışlı konkret yazıb: “Oğan Sinan, halal olsun!”

Sərdar Musa proqnozunun düz çıxmasından məmnunluq ifadə edib: “Demişdim axı, ƏrdOğan!”

Anar Şabanoglu söhbəti “bir millət-iki dövlət” müstəvisinə gətirib: “Ərdoğan-Oğan birliyindən Azərbaycan qazanacaq”.

Mailə Bayramova Sinan Oğanın məlum bəyanatından məyus olub, hətta sarsılıb: “At üstündə görüb qürrələndik, populist çıxışlarını eşidib millətçi, qeyrətli eloğlu dedik, demək, saxta,pulgir imiş. Çoox təəssüf, Sinan”. (“Ağ atlı oğlan”larda qaydadır, həmişə insanları umsuq edirlər).

Məzahir Məmmədov bu mövzunun uzanmasına etirazını belə bildirib: “Əyninə bir şalvar seçə bilməyən adamlarıq, durub burdan ora prezident seçirik…”.

Ruslan Rəsulzadə müəllimin keçmişini qurdayalıb: “Dövlət Bahçeli Ərdoğanı dəstəklədi deyə MHP-dən ayrılasan, sonra da özün həlledici məqamda diktator Ərdoğanı dəstəkləiyəsən. Hoqqa veriyorsun, Sinan abi…”. (Əslində isə hoqqa deyilən şeyi vermiyorlar, çıxarıyorlar).

Sairza Abiyev bu duruma görə ümidini üzmür: “Türkiyədə gec və ya tez demokratiya bərpa olacaq”.

Əfqan Sadıqov baltanı dibdən vurub: “Seçkilərdə səs namusdur, vicdandır, şərəfdir, övladlarımızın gələcəyidir, xalqın taleyidir! Səs satılarmı?! Sinan Oğan da türk xalqına badalaq gəldi!”

Şaban Nəsirov mövzuya klassik tərzdə yanaşıb: “Sinan Oğan “iki pis namizəd”dən ən yaxşısını seçdi. Bu qədər net. Siyasətdən başı çıxmayan populistlər, gedin, o yanda oynayın”.

Cingiz Əli bu gündə ilişib qalmayıb, məsələnin sabahına dair proqnoz verib: “Görərsiniz, əgər Ərdoğan hakimiyyətdə qalarsa, müxalifəti satan Sinan Oğanı Azərbaycana səfir təyin edəcək”.

Mehman Kerimov daha lakonik qiymət verib: “Cənab 5 %”.

Ulkər Abdullayeva da ortada satqınlıq olduğunu düşünür: “Alınıb satılmayan kimsə yoxdur. Hərənin sadəcə bir qiyməti var. Sinan Oğan da belə getdi… İndi bildim ki, adam əsl azərbaycanlıdır…” (Yəni ticarəti yaxşı bilir).

Göründüyü kimi fırlanıb gəldik, “cənab 5 faiz”in azərbaycanlı olması məsələsinə. Dünyada ikinci tura keçməyən, seçki üçüncüsü olan namizədlərin 99,99 faizi azərbaycanlı olmasa da, hamısı Sinan Oğan kimi hərəkət edir, II turda kiməsə dəstək verirlər. Şaban qardaş demişkən, bu qədər net.

Samir SARI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90