Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada “hərtərəfli soyqırım” törətdiyini və qətliamlara görə birbaşa Netanyahunun məsuliyyət daşıdığını bildirib.
Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının iclas fasilələrində “Fox News” telekanalına açıqlama verən Ərdoğan “Bunu izah etməyin başqa yolu yoxdur. Bu, hərtərəfli bir soyqırımdır. Bu soyqırımın məsulu bu ölkədə hakimiyyətdə olan Netanyahudur. Netanyahu bu soyqırımda on minlərlə insanı vəhşicəsinə qətlə yetirdi” deyib.
O əlavə edib ki, Qəzzada 120 mindən çox insan yaralanıb və Türkiyə yaralıların çoxunu müalicə üçün ölkəyə aparıb. Türkiyə olaraq bu soyqırımın tamamilə əleyhinəyik.
Fələstinin müqavimət qrupu HƏMAS və onun girovları ilə bağlı sualı cavablandıran Ərdoğan tək günahın HƏMAS-ın olması ilə bağlı iddiaları rədd edib.
Dövlət başçısı “Bu, birtərəfli cinayət deyil. Bu vəziyyətə görə günahı yalnız HƏMAS-ın üzərinə atmaq düzgün deyil. Netanyahunun hərəkətlərinə necə göz yuma bilərik?” deyib.
O, İsraili dinc əhaliyə qarşı ayrı-seçkilik etmədən hücumlarda ittiham edərək, “HƏMAS silah baxımından İsraildən güclüdür deyə bilərikmi? Bu mümkün deyil. İsrail 7-dən 70-ə hər yaşdan, qadından, uşaqdan, qocadan asılı olmayaraq bu silahlardan amansızcasına istifadə edir. Onlar amansızdırlar. Bu insanlar isə qətlə yetirilir” deyib.
Prezident Ərdoğan münaqişənin sona çatma ehtimalına münasibət bildirərkən, həll yoluna şübhə ilə yanaşdığını ifadə edərək, bunu həll olunmamış Rusiya-Ukrayna müharibəsi ilə müqayisə edərək, “Xatırlayırsınızsa, cənab Tramp “Rusiya-Ukrayna müharibəsinə son verəcəm” açıqlamasını vermişdi. Bu hələ də davam edir, eyni şəkildə Qəzza müharibəsini bitirərəm dedi. Bitdimi? Yox.” deyib.
HƏMAS-ı terror təşkilatı hesab edib-etmədiyini soruşduqda, “HƏMAS–ı terror təşkilatı olaraq görmürəm. Əksinə, onları müqavimət təşkilatı kimi görürəm. Onlar özlərini müdafiə etmək üçün əllərindən gələni edirlər” deyib.
İslam dünyasının İsrailə qarşı birliyi
Prezident Ərdoğan Nyu-Yorkdakı Türkevidə Küveytin Vəliəhdi Şeyx Əl-Sabah ilə də görüşüb. Görüşdə Ərdoğan İslam dünyasının İsrailə qarşı birliyini yüksək qiymətləndirib.
BMT Baş Assambleyası ərəfəsində Nyu-Yorkda keçirilən görüşdə iki lider regional və qlobal məsələləri, eləcə də ölkələri arasında münasibətləri müzakirə ediblər. Prezident Ərdoğan Qəzzada atəşkəsə nail olmaq üçün danışıqların davam etdirilməsinin vacibliyini də vurğulayıb.
Türkiyə ilə Küveyt arasında, xüsusilə ticarət sahəsində əlaqələrin inkişafının vacibliyini vurğulayan prezident Ərdoğan iki ölkənin əməkdaşlığını gücləndirmək üçün çalışmağa davam edəcəklərini bildirib.
Suriya məsələsinə də toxunan Ərdoğan Ankaranın Suriyaya dəstəyini təkrarlayaraq, ölkənin ərazi bütövlüyünü qoruyaraq yenidənqurma və inkişafa diqqət yetirməyin vacibliyini vurğulayıb.