Türkiyə Nazirlər Kabinetinin prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclası səkkiz saat yarımdan çox davam edib.
Görüş TRT kanalı tərəfindən canlı yayımlanıb.
Televiziya ilə xalqa müraciət edən Ərdoğan iclasın bu qədər uzun müddət çəkməyini xarici işlər naziri istisna olmaqla, nazirliklərin bütün rəhbərlərinin gələcək fəaliyyət proqramı ilə çıxış etmələri ilə izah edib.
Türkiyə prezidenti ölkənin yeni konstitusiyasının qəbul edilməsini yeni administrasiyanın daxili siyasi prioritetlərindən biri hesab edir. Ərdoğanın sözlərinə görə, yeni konstitusiya Türkiyə cəmiyyətinin bütün təbəqələrini birləşdirəcək.
Ərdoğan bildirib ki, Türkiyənin regionda və bütövlükdə beynəlxalq aləmdə siyasəti daha fəal olacaq. O, Ankaranın beynəlxalq birlik tərəfindən tanınmayan Şimali Kipr Türk Respublikasına (KKTC) dəstəyinin davam etdirilməsini xüsusi qeyd edib. Ərdoğan kiprli türkləri “qardaş” adlandırıb və Türkiyənin nə öz hüquqlarını, nə də onların hüquqlarının pozulmasına icazə verməyəcəyini vurğulayıb.






















