image-rt-reklam
image-1backend

“Embawood”un biabırçı reklamı: Şirkəti hansı cəza gözləyir?

image-728x90

Xəbər verdiyimiz kimi, dünən Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Hadisədə ölən olmayıb, lakin bunun ardıca yaşanan olay geniş müzakirələrə səbəb olub. Belə ki, “Embawood” şirkəti qəzadan görüntüləri montaj edərək “Belə sürətlə, həm də təhlükəsiz – sifarişiniz ən qısa zamanda qapınızda!” başlığı ilə paylaşıb. Mebel satışı ilə məşğul olan şirkətin belə bir bədbəxt hadisədən özünə reklam qazanmağa çalışması sosial şəbəkələrdə ciddi şəkildə tənqid olunub.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirdi ki, ölkə ərazisində bu və ya digər şəkildə hər hansı bir əmtəələrin reklam olunması Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununa əsasən tətbiq olunur. O, hesab edir ki, sözügedən reklam istehlakçıların, müştərilərin fiziki və psixoloji sağlamlığına təsir edir:

“Bu, digər subyektlərin də sürətli çatdırmasının təbliğ olunmasına xidmət edən bir reklamdır. Ona görə də bu reklamla bağlı müvafiq dövlət qurumu tərəfindən həmin şirkətə qarşı xəbərdarlıq edilməli və səhifələrdə yerləşdirilməsi aradan qaldırılmalıdır. Burada hər hansı inzibati və ya yaxud cinayət məsuliyyəti yoxdur. Sadəcə olaraq bu, reklam haqqında qanunvericiliyin düzgün olmayan tərzdə tətbiqidir.

Əgər müvafiq dövlət qurumu tərəfindən reklam haqqında qanunvericiliyin pozulması barədə qənayətə gəlinərsə və bu, öz təstiqini taparsa, o zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 381.6-ci maddəsinə əsasən “Media haqqında” və “Reklam haqqında” qanunların pozulması səbəbindən həmin subyektə qarşı inzibati xəta işi açıla bilər. Bu qanuna əsasən məsuliyyətə cəlb olunan vəzifəli şəxslər 2500 manatdan 3500 manata, hüquqi şəxslər isə 8 min manatdan 10 min maata qədər cərimə oluna bilərlər”.

Strateji kommunikasiya üzrə ekspert Səfər Aslanovun fikrincə, bu paylaşım etik və peşəkar kommunikasiyanın kobud şəkildə pozulmasıdır:

“Xüsusilə insanların həyatını təhlükə altına salan qəza fonunda belə bir “reklam dili” istifadə etmək, istənilən brend üçün imic itkisi ilə nəticələnə bilər. Belə bir hadisəyə istinadən “bizdə belə qəzalar olmur” tipli paylaşım həm insan faciəsini ələ salmaq, həm də ictimai emosiyanı manipulyasiya etmək kimi anlaşılır. Bu, çox böyük etik səhvdir və şirkətdə “korporativ vətəndaşlıq” mövzusunda qüsurların olduğunu göstərir.

“Embawood” kimi tanınmış bir şirkət üçün bu cür paylaşım illərlə qurulmuş imicə ciddi zərər verə bilər. İnsanlar brendi yalnız məhsulla deyil, dəyərlərlə də bağlayır. Bu davranış şirkətin rəsmi saytında qeyd olunan 8 dəyərindən heç biri ilə səsləşmir və ya şirkətin “Təşəbbüskarlıq və kreativlik” dəyərinin yersiz yansımasıdır”.

Ekspert qeyd etdi ki, bu reklam şirkətin təqdim etdiyi bütün dəyərlə təzad təşkil edir:

“Əgər brend bu hadisəyə reaksiya vermək istəyirdisə öz arxitipini unutmamalı və dəyərlərini əlində rəhbər tutulmalıdır. İlk olaraq, heç reaksiya verməməli idi. Çünki reklam üçün uyğun mövzu deyil. İkincisi isə dəyərlərini əlində rəhbər tutaraq, empatiya göstərilə bilərdi.

“Embawood” kimi nəhəng və nüfuzlu şirkətin belə addım atması ancaq təəssüf və təəcüb doğurur. İnanıram ki, həmkarlarımız bu səhvin aradan qaldırılması üçün müvafiq tədbirlər və dayanıqlı kommunikasiya siyasətini həyata keçirəcəklər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90