MDB-nin baş katibi Sergey Lebedev Ukrayna və Moldova istisna olmaqla, assosiasiyanın bütün ölkələrinin rəhbərlərinin Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasında iştirak edəcəyini gözləyir.
Ulusal.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Şuranın Qırğızıstanın paytaxtında iclası oktyabrın 13-nə təyin edilib. Həmin ərəfədə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının da iclası keçiriləcək.
“Əksər ölkələr iştirakını təsdiqləyib. Ukrayna və Moldovanın olmasına gəlincə, onlar Dövlət Başçıları Şurasının və Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunmayacaqlar. Onlar iştirakdan çəkinirlər, baxmayaraq ki, de-yure MDB-nin üzvü olaraq qalırlar”, – Lebedev Minskdə jurnalistlərə bildirib.
Ermənistan və Azərbaycanın Bişkek sammitində iştirakı ilə bağlı sualı cavablandıran Lebedev qeyd edib ki, Əməkdaşlığın İcraiyyə Komitəsi Ukrayna və Moldovadan başqa digər ölkələrin iştirakdan imtina etməsi barədə məlumatlara malik deyil.
“Qalanlarına gəlincə, heç kimin iştirakdan imtina etməsi ilə bağlı bizdə məlumat yoxdur. Ən azı indi əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir və ümid edirik ki, Ukrayna və Moldova istisna olmaqla, əksər ölkələr bu forumlarda təmsil olunacaqlar”, – deyə rəsmi əlavə edib.





















