Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın – həyat yoldaşları ilə birlikdə – qeyri-rəsmi təması da bu kontekstdə qiymətləndirilməlidir. Politoloq Arzuman Muradlı hesab edir ki, bu sammit tarixi bir görüşə də şahidlik edir.
“Prezident İlham Əliyev sammit çərçivəsində Çin lideri Si Cinpinlə görüşündə açıq şəkildə bildirib ki, Ermənistanla sülh artıq bərqərar olunub. Bu bəyanat, bölgədə yeni geosiyasi reallıqların formalaşdığını və Azərbaycanın Ermənistanla normallaşma prosesinə ciddi yanaşdığını göstərir. Məhz bu səbəbdən Əliyevlə Paşinyan arasında müxtəlif beynəlxalq platformalarda baş tutan qısa söhbətlər artıq adi siyasi davranış modelinə çevrilib.”– deyə Arzuman Muradlı qeyd edib.
Politoloq hesab edir ki, bu sammitdə liderlərin ayaqüstü görüşü bir çox məsələlərin çözülməsinə güc verir.
“Bu sammitdə əsas təmaslardan biri də gərgin vəziyyətdə olan Rusiya və Ermənistan liderlərinin görüşü idi. Rusiya rəsmi mənbələri bu görüşün əvvəlcədən planlaşdırılmadığını iddia etsələr də, gerçək siyasi praktika bunun əksini göstərir. Belə səviyyədə, xüsusilə də BMT və ŞƏT kimi platformalarda, liderlərin “təsadüfən” görüşməsi nadir hallarda baş verir. Yəni, bu təmas da ehtimal ki, öncədən razılaşdırılmış və diplomatik gündəmə uyğunlaşdırılmış bir görüş olub.” -deyə Arzuman Muradlı əlavə edib.
Politoloq hesab edir ki, sammitin ən maraqlı görüntülərindən biri isə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə İlham Əliyev arasında səmimi və mehriban tonda baş tutan söhbət olub.
“Görünür, bu mənzərə Kremlin nəzarətində olan bəzi media orqanlarında narahatlıq doğurub. Rusiyanın informasiya resurslarında səsləndirilən arqument belədir: əgər Belarus Rusiyanın ən yaxın müttəfiqidir, Lukaşenko Kremlin münasibətləri gərginləşdirdiyi bir liderlə – yəni İlham Əliyevlə – bu qədər isti görünməməlidir. Bu yanaşma Kremlin öz müttəfiqlərinə “siyasi muxtariyyət tanımamaq” tendensiyasının bariz nümunəsidir. Halbuki, Lukaşenkonun Əliyevlə səmimi təması həm Belarusun regionda balanslı siyasət yürütmək niyyətindən, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasından xəbər verir.Beləliklə, ŞƏT sammitində baş verən bu görüntülər və söhbətlər rəsmi gündəmdən daha çox simvolik və strateji əhəmiyyət daşıyan mesajlarla yüklüdür. Onlar təkcə bugünkü münasibətlərin yox, həm də bölgənin gələcək siyasi konfiqurasiyasının ilkin konturlarını göstərir. Diplomatiyada təsadüf deyilən anlayış isə əksər hallarda sadəcə görüntüdür — hər jestin, hər fotonun və hər ayaqüstü dialoqun arxasında siyasi hesablama durur.” -deyə Arzuman Muradlı bildirib.