Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli barəsində Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət daxil olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Sumqayıt sakini, 2001-ci il təvəllüdlü S.Əkbərova (şərti) bildirib ki, Əlixan Məhərrəmli onu şantaj edərək 20 min dollar verməsini tələb edir.
Kayseridəki universitetlərdən birində təhsil alan 22 yaşlı tələbə qeyd edib ki, Ə.Məhərrəmli onu Türkiyədə yaşayan Berat (şərti) adlı şəxslə əlaqələri ilə bağlı şantaj edir. İddia edilir ki, Berat qanunazidd fəaliyyəti ilə tanınır. Belə ki, ərizəyə əsasən, QHT rəhbəri gənc xanıma cinayət aləminin üzvü ilə münasibətlərinin olmasını universitet rəhbərliyinə bildirəcəyini deyib, hədə-qorxu gəlməklə ondan pul tələb edib.
Şikayətçi hədə-qorxunun Bakıda davam etdirildiyini əlavə edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinə sorğu ilə müraciət etdik. Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev faktı saytımıza təsdiq edərək bildirib ki, Əlixan Məhərrəmli Bakıda saxlanılıb: “Vətəndaş tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Əlixan Məhərrəmli müəyyən olunaraq saxlanılıb və barəsində cinayət məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə onun barədə 3 ay həbs qətimkan tədbiri seçilib. Yasamal RPİ-də istintaq araşdırmaları davam etdirilir”.
Qeyd edək ki, Ağcabədi rayon sakini olan 1997-ci il təvəllüdlü Əlixan Məhərrəmli 2018-ci ildə Kayseri Şəhəri Azərbaycanlı Tələbələr Birliyinin sədri və 2020- ci ildə Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədridir.