Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Tanıdığın adamlar haqqında keçmiş zamanda danışmaq çətindir. Ömrünün ağsaqqallıq çağında hər sözü bir kəlam qüdrətində olanları xatırlayanda, onun dediklərini yada salanda, yadına düşənlərin həyat gerçəklikləri ilə necə səsləşdiyini düşünəndə acı bir təəssüf də yaşayırsan: Əcəl aldı, Yer gizlədi. Ancaq fani dünya xoş əməllərə qalır, yaxşı ada qalır, el üçün yaşanılan illərə qalır, illəri ömürləşdirənlərin kəlamlarına qalır. İmran Həbib oğlunu – məndən 36 yaş böyük olan el ağsaqqalı kimi tanıdığım, ağsaqqal kimi də sevdiyim insanı da həmişə duru xatirələrlə anmışam. Tanıyanların hamısı onu belə anır, belə anacaq…
Zəngilan elinin güvənc yeri, inam, ümid ünvanı olan Seyid Həsən ağa İmran Həbib oğlunu dürüst ömürlü bir kişi kimi dəyərləndirirmiş.
Seyid Həsən ağa İmran kişinin oğlu Vidadiyə Müqəddəsov deyərmiş və dediyini əsaslandırarmış: “Müqəddəs adam Allahın qoyduğu qanunlara riayət edənlərdir, harama tamah salmayanlardır, paklığı sevənlərdir, halal insanlardır. Sənin atan belə kişidir…” 22-23 yaşlı cavan atası haqqında deyilən bu xoş kəlmələri hansı ovqatla dinləmişdisə, bu günəcən İmran Həbib oğlu həmin ovqatla xatırlanır…
1920-ci ildə Zəngilanın Zəngilan kəndində anadan olub. Zəngilan kənd 7 illik məktəbini, sonra mühasibatlıq kursunu bitirib. Mühasibat üzrə kadr idi…
İmran kasıb ailədə böyüyüb. Güzəranın çətinliyi onun düşüncələrində halallıq cücərdib. Göz açıb, halal yaşayan ailənin çörəyini yeyib, halal kişinin halal öyüdlərini eşidib. Böyüyüb, halallığı ömrünün işığı bilib.
İmran Hacıyev 1939-cu ilin dekabrından 1941-ci ilin yanvarınadək Zəngilan rayon komsomol komitəsində texniki katib işləyib. O illərdə gənclərlə ünsiyyət yarada bilməyən, kifayət qədər geniş dünyagörüşə malik olmayan, siyasi düşüncələri dövlətçiliklə səsləşməyən gənci bu sistemdə işə təyin etməzdilər; o illər siyasətin illəriydi, siyasi illəriydi. İmran Hacıyev işlədiyi müddətdə partiyanın idelogiyasını yerinə yetirirdi. Dövrünün gənci idi və dövrünün gənci olmayanların aqibətinin sonluğunu da yaxşı bilirdi. “Məqam çatmamış çayın axınına qarşı üzənləri sellər aparır, səbirlə işlə, dünya belə qalmaz…”, – ağsaqqalların məsləhətlərini düşüncələrinə hopdurardı, həm də bu məsləhətlərin niyə deyildiyini dərk edərək hopdurardı…
Müharibə başlayanda İmrana “bron” verilmişdi. İşinə görə, qabiliyyətinə görə tanınmışdı. Onun rayonda neçə-neçə işçini əvəz edə biləcəyinə inanıb saxlamışdılar. İmran Həbib oğlu 1941-ci ilin yanvarından 1944-cü ilin avqustunadək rayon partiya komitəsində (RPK-də) kadrların uçotu üzrə katib, statistik, Maşın-Traktor Stansiyasında siyası şöbə rəisinin komsomol işi üzrə müavini və Lenin adına kolxozda hesabdar işləyib.
İlk tikinti işləri 1938-ci ildə başlayan Sumqayıtın tikintisi müharibənin başlaması ilə əlaqədar səngisə də, şəhər tikilirdi. Cavan şəhər bina-bina böyüyürdü. Şəhərsalmada müxtəlif peşə sahibləri də iştirak edirdi. Kimisi göndərişlə, kimisi könüllü. 1944-cü ilin avqustundan İmran Hacıyev də onların sırasındaydı. Zaqafqaziya Sənaye Tikinti İdarəsi Sumqayıt şöbəsində fəhlə, sonra kadrların uçotu üzrə təlimatçı işləyib. Göz tutduqca uzanan ərazidə şəhər olacağına inanmaya-inanmaya şəhər salırdılar. Ailə vəziyyətinə görə orda çox qala bilməyib, 1946-cı ilin fevralında Zəngilana qayıdıb; Zəngilandan ayrı yaşamağı bacarmayan zəngilanlılardan biri olub…
1946-cı ilin fevralından 1953-cü ilin fevralınadək Vejnəli kəndində Stepan Şaumyan adına kolxozda, Bartaz kəndində H.Hacıyev adına kolxozda, Lenin adına sovxozda, Dəlləkli kəndində S.Kirov adına kolxozda və Pirçıvan kəndində (indiki Zəngilan şəhərində) Oktyabr adına kolxozda hesabdar işləyib.
1953-cü ilin fevralında Zəngilan RPK-də təlimatçı vəzifəsinə irəli çəkilib. Zəmanəti dürüstlüyü olub, məsuliyyətliyi olub, dünyaduyumu olub, dövlətə sədaqəti olub. Aradan on illər keçəndən sonra bu ifadənin səmimiliyinə inanmayanlar da ola bilər. O illərdə ideologiyaya inanmaq cəmiyyətin ehtiramı ilə əhatələnmək idi. Ehtiramı kim arzulamazdı ki?!
İmran Həbib oğlu müxtəlif vəzifələrdə işləyib. Əsasən hesabdar və partiya işçisi kimi. Harda işləyibsə, işi bəyənilib. Ona görə də dövrün yaxşı kadrlarından biri kimi tanınıb. 1957-ci ilin oktyabr ayında Lenin adına kolxoz partiya komitəsinin katibi seçilib. Bu, inam idi, etimad idi, etibar idi. O dövrün seçiminə görə dövlətə gərəkli vətəndaş idi. Beş il bu vəzifədə işlədi. İşini bəyənirdilər. Kolxozçular arasında ideoloji işin səviyyəsi də yüksək dəyərləndirilirdi. Bunlar İmran Hacıyevin yeni vəzifəyə təyinatında mühüm əhəmiyyətə malik olmuşdu. 1962-ci ilin iyul ayında rayon partiya komitəsinin təlimatçısı təyin olundu. Bu vəzifədə iki il işlədi…
Bakı Ali Partiya Məktəbini qiyabi bitirərək ali siyasi təhsil alan İmran Hacıyev sonralar ayrı-ayrı vəzifələrdə də dürüstlüklə işləyib. Baytar müalicəxanasının baş mühasibi də, RPK-nin təlimatçısı da, rayon plan komissiaysının sədri də, Kalinin adına sovxoz partiya komitəsinin katibi də olub, Zəngilan kənd sovetinin sədri də. Onun işindən hökumət də razı qalıb, camaat da. El sevib onu. Öz zəhməti və mənəvi saflığı ilə pillə-pillə ucalıb. Bu ucalma mənəvi ehtiram idi, xətir-hörmət idi. İmran Həbib oğlunun ömrü ağsaqqallığa bu yoldan keçmişdi, o da belə ağsaqqallaşmışdı.
Bir xatirə: Bir dəfə onu Zəngilan rayon İstehlak Cəmiyyəti idarə heyətinin sədri təyin etmək istəyiblər, sözarası soruşublar ki, təyin olunsan, nədən başlayarsan. İmran Həbib oğlu deyib ki, yoldaş katib, yeyintilərin qarşısını alaram, haramlığa imkan vermərəm. Söhbət bununla bitib. Və İmran Həbib oğlu həmin vəzifəyə təyin olunmayıb. Həmin vaxtlarda onu qınayanlar da olub, qərarını bəyənənlər də, onun bu vəzifəyə təyin olunmamasına təəssüflənənlər də. “Halallıqla haramlıq arasında bir nəfs qədər yol var. Bu yol ömür deməkdir…” – kəlamı hər kişini ər kişi edib həmişə; İmran Həbib oğlu Zəngilanda ər kişi kimi tanınırdı…
Daha bir xatirə: 1970-ci il idi. Kolxozlar dövlət təsərrüfatına çevrilirdi (camaatın varı-halı idi kolxoz, bir qərarla bu var-dövlət dövlətin balansına keçirilirdi. Dinib etirazını bildirən olmurdu, bildirən olsaydı, son kəlmələrini tamamlamamış damlanardı…). İmran Hacıyevi Lenin adına sovxoza direktor göndərmək istəmişdilər. İmran yenə etiraz etmişdi. Kəndin ağsaqqallarından biri qınamışdı onu: “Bu vəzifəyə təyin olunması üçün filan qədər pul verənlər var, səni pulsuz-parasız təyin edirlər. Niyə Tanrına təpik atırsan, ay İmran?” – deyib. İmran deyib ki, saxtakarlığı bacarmaram, o vəzifədə işləyə bilmərəm, Mənim kimisinin yolu ordan türməyədir…
Mütaliəni çox sevib. Klassiklərimizin əsərlərinə düşüncələrinin “havası” deyərmiş. Folklorumuzu sevə-sevə sevdirərmiş, söhbətlərində folklora söykənərmiş, bu və ya digər hadisəyə münasib misal çəkməyi də özünə vətəndaşlıq borcu bilərmiş – bu şakər həm də min illərin o üzündən gələn folklorumuzu yaşatma niyyətiydi. Nağıllarımızı da oxumuşdu, “Kəlilə və Dimnə”ni də, “Qabusnamə”ni də, Nizamini də, Füzulini də, Nəsimini də, Vurğunu da. Səməd Vurğunun “Vaxtsız əcəl, məndən uzaq dolan, dur, Qürbət yerdə can vermərəm ölümə…” misralarını pıçıldadığı vaxtlar da olub. Vətənə görə…
Vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətəni sevən Vətənin vətəndaşını da sevməlidir, onun heysiyyətini öz heysiyyəti bilməlidir. Birinci Qarabağ müharibəsində İmran Hacıyev döyüşənləri də, şəhid olanları da əzizi bilirdi. Zəngilan mühasirədə olan vaxtlarda sovxozda mühasib işləyirdi, yarı canı döyüşənlərin yanındaydı. Onlara imkanı çatan qədər kömək də edirdi. “Ən böyük, ən gərəkli köməyimiz mənəvi köməkdir. Döyüşənlər hiss edəndə ki, camaat onların arxasında mətin dayanıb, onun döyüş əzmi də, qələbə ruhu da yüksəlir…” – İmran Hacıyev söhbətləşdiklərinə belə də deyirdi. Döyüşənlər, onun dediklərini eşidən döyüşçülər deyərmiş ki, belə kişiləri də sıramızda bilirik.
Ancaq könül daşlarına dediyi misralar da olub İmran Həbib oğlunun:
Məndən ötən sənə dəydi,
Səndən ötən mənə dəydi.
Məndən, səndən ötən zərbə,
Vətən, Vətən, sənə dəydi…
(Məmməd Araz)
Vətənə bunca sevgi ilə yaşayırdı. Ərki çatanların da belə bir sevgi ilə yaşamasını arzulayırdı. Yeddi övladını bu düşüncələrin işığında böyütmüşdü. Onlardan beşi ali təhsil alıb, ikisi orta ixtisas təhsili. Hər biri də ata adına ehtiram gətirməklə cəmiyyət üçün gərəkli işlərdə çalışır. Böyük oğlu Vidadi qürurla deyir ki, atamızdan bizə qalan ən dəyərli miras təmiz, duru adıdır. Biz bu adı ömrümüzün işığı bilirik. “Atamdan sonra mən də rayon partiya komitəsində işləmişəm. Rayonun bütün kəndlərində olmuşam, adamlarla söhbətləşəndə atamdan da söz düşüb. Hamı onun təmiz insan olduğunu, Vətəni sevdiyini, insanları sevdiyini, insanlığı sevdiyini deyirdi. Xəyalən “atama narahatlıq gətirmərəm, ata!” deyərdim”…
Zəngilan işğal olunanda gözləri dolub, çarəsizliklə balalarına, sonra göy üzünə baxıb, əlini evimizin daşına-divarına sürtüb. Bir “ah” çəkib, kəlmələr dodaqlarını yandıra-yandıra “Ya qismət…” deyib. Üzü naməlumluğa yol alanların sırasına qarışıb…
Bakıda məskunlaşmışdı. Zəngilan gündüzlər xəyallarında, gecələr yuxularındaydı. Darıxanda üzü Zəngilana sarı boylanardı. İmran Həbib oğlu da ürəyinə yük olan bir həsrət yaşadırdı. Dost-tanışına “Bu həsrət insafsız həsrətdir” deyərdi…
Zəngilanın işğaldan qurtuluşunu görə bilmədi. 2002-ci il dekabrın 6-da nisgilli köçdü dünyadan. İnanırdı ki, Zəngilan da işğaldan azad olunacaq. Elə bu inama görə o da “Qalmaz belə, qalmaz dünya..!” deyirdi…
Tanıyanlar Seyid Həsən Ağanın sözünün dürüstlüyünə həmişə inam gətirirdi. İmran Həbib oğlunu adlandırdığı “Müqəddəsov” tanıtma soyadına da inam gətirirdi. Seyidin “Müqəddəsov” kimi tanıdığı (və tanıtdığı) bir insan ömrünün son illərini doğma ocağından iraqda yaşadı. Hər gecəsi ömür qədər uzun olan doqquz ili müqəddəs saydığı Zəngilandan uzaqda belə yaşadı. “Həsrət” sənədli filmindən yaddaşına bir misra hopmuşdu:
Sənsiz mənə haram olar günüm, anım, Zəngilanım…
Ömrü haqq-ədalət, düzlük üçün yaşayanlardan biri də İmran Həbib oğlu olub. Hər işdə bir nizam görərdi, nizamsız işi qətiyyən sevməzdi, sevdiyi bir kəlam da vardı: “Düzlüyün əsgəri olmayan əyriliyin qulu olur”. Əzizlərinə də, doğmalarına da belə deyərdi.
İmran Hacıyev 1971-ci il oktyabrın 25-də “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində rəşadətli əməyə görə” medalına,1970-ci il oktyabrın 12-də “Rəşadətli əməyə görə” V.İ.Leninin anadan olmasının 100 illiyi yubiley medalına,1971-ci il aprelin 8-də “Qırmızı Əmək Bayrağı” ordeninə, əmək veteranı adına və digər mükafatlara layiq görülüb, sonralar neçə-neçə medalla da təltif edilib. Ən böyük təltifi el-oba sevgisi idi İmran Həbib oğlunun. Bu sevgi ilə də xatırlanır…