image-2000x150
image-ejder-olbackend

“Əjdər Olun həbsə düşməsi təsadüfdür” — Sabir Rüstəmxanlı

image-728x90
“Əjdər Ol bizim çox dəyərli ziyalılarımızdan biridir. Gözəl əsərlərin müəllifidir. O, Azərbaycan dövlətçiliyi və çox yüksək vətənpərvərlik duyğuları ilə yaşayan yaradıcı insandır. Azərbaycan ədəbi əlaqələrinin, xüsusilə Türkiyə əlaqələrinin möhkəmlənməsində böyük rol oynayıb. İndi yaxınlaşmaqda olan “Sabir poeziya günləri”ni hər il yüksək səviyyədə keçirirdi. Yəni, onun həbsə düşməsi təsadüfdür. Çünki ola bilsin, nazirliyin işində elə şeylər var ki, Əjdər Ol orada Aparatın rəhbəri idi və bəlkə də, məcburi nələrəsə imza atıb. Amma bu, onun həyatının məntiqindən doğmur, xarakterindən doğmur. Məncə, bu, nəzərə alınmalıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib.

Deputat deyib ki, Əjdər Olun həbsxanada qalması doğru deyil:

“Əjdər Ol indiki hakimiyyətə, Heydər Əliyevin ideyalarına bağlı bir adamdır. Uzun illər daim sədaqətlə Heydər Əliyevin və onun apardığı siyasətin genişlənməsinə, böyüməsinə çalışıb. Bir çox adamlar var ki, bu gün onların həbsxanada yatması Heydər Əliyevin ruhunu incidir. Ona görə onların bəziləri (ad çəkmək istəmirəm) Azərbaycanda kifayət qədər yüksək vəzifədə tutublar.

Hesab edirəm ki, ciddi cinayəti olmayanlar həbsxanadan azad olunmalıdır. Məncə,dünyanın rüşvətin, korrupsiyanın dünyanın bütün ölkələrini bürüdüyü bir zamanda o maddələrlə həbs olunan insanların bir hissəsi həbsxanada müəyyən cərimə ödəməklə də çıxa bilərlər.

Hər xırda şeydən ötrü adamları günahlandırıb, həbsxanaları doldurmaq cəmiyyətə bir şey verməz. Məncə, Heydər Əliyevin 100  illiyinə həsr olunmuş əfvin dairəsi geniş olmalıdır”.

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90