image-rt-reklam
image-1backend

Dünyaya Xan kimi gəldi, səhnədən də Xan kimi getdi: O, yeganə sənətkardır ki…

image-728x90

Cavanlığında at sürməyi, ov ovlamağı çox sevib, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı olub. Onun yaxşı nərd oynamaq qabiliyyəti var idi. Nərd oynamağı sevər və çox nadir hallarda uduzardı. Sağlığında böyük qəlyan və təsbeh kolleksiyasına sahib olub. Dəvət olunduğu yerə, o cümlədən işə, konsertlərə heç vaxt gecikməz, xalq arasında olmaqdan, piyada gəzməkdən zövq alardı, adətən, ictimai nəqliyyatdan istifadə edərdi. Dünyaya Xan kimi göz açıb bu dünyadan ağayana köçən Xan Şuşinski.

Ulusal.az xəbər verir ki, bu gün Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Xan Şuşinskinin anım günüdür.

Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya gəlib.

Balaca İsfəndiyarın ustadı İslam Abdullayev öz dövründə “Segah İslam” kimi tanınırdı. O, məclislərin birində İsfəndiyarın səsini bəyənib və onu özünə şagird götürüb.

İsfəndiyara “Xan” adının verilməsinin maraqlı tarixçəsi var. “Segah İslam” tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı”nı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra “Segah İslam” üzünü İsfəndiyara tutub deyir: “Bəlkə sən də bizim üçün “Kürd Şahnazı” oxuyasan?”

İsfəndiyar İslam Abdullayevin sözünü yerə sala bilmir. “Kürd Şahnazı”nı zilə çəkən İsfəndiyar öz ifası ilə məclis əhlini elə heyrətləndirir ki, hamı bir ağızdan bu sözü deyir: “əsl xan elə bu imiş ki!”

İslam Abdullayev isə şagirdinə ustad xeyir-duasını verərək deyir: “Bu gündən sən oldun Xan”.

İslam Abdullayevdən sonra Xanın bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinskinin məxsusi rolu olub.

Üzeyir bəy Hacıbəyov 1920-ci ilin payızında Qarabağda gənc ifaçılar axtarışına çıxıb. Xan Şuşinski Üzeyir bəyin hüzurunda oxuyur, böyük bəstəkar onun səsini çox bəyənir və beləliklə, müğənninin sənət karyerası başlayır. Sonralar Üzeyir Hacıbəyov Xan Şuşinskinin səsini və yaradıcılığını yüksək qiymətləndirərək ondan zövq aldığını deyir.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.

Çox vaxt xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi məhz Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı sözləri də Xan əmiyə məxsusdur.

Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərindən özünü təsdiq edə bilib. Azərbaycan muğamlarını zənginləşdirib, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. Xan Şuşinskinin gənc xanəndələrin yetişdirilməsində də özünəməxsus xidmətləri olub. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini qoruyub saxlayan xanəndə istedadlı ifaçılara əlindən gələn köməyi edib.

Gənc yaşlarında evlənsə də, bu evlilikdən övladı olmayıb. Həyat yoldaşının təkidi ilə o, sonradan yenidən evlənib və həmin evlilikdən Bəyimxanım, Zümrüd, Səadət və Aslan adlı dörd övladı dünyaya gəlib.

Xan Şuşinski mədəniyyət və incəsənət aləmində yeganə şəxsdir ki, fitri istedadına görə Əməkdar artist adı almadan, 1943-cü ildə birbaşa Xalq artisti adına layiq görülüb.

Xan Şuşinski 1979-cu ilin 18 mart tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılan xanəndə II Fəxri Xiyabanda dəfn edilib.

Deyilənə görə, Xan əmi ölümünə 10 il qalmış əlinə qaval alıb oxumur və səhnəyə çıxmır. Bu, Azərbaycanın mədəniyyət tarixində vaxtında səhnədən getməyin ən ağayana nümunəsi hesab olunur. Xan kimi doğulub ağa kimi köçmək də seçilən insanların taleyinə yazılan tarixdir.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90