image-rt-reklam
image-8backend

Dünyada Türkiyə turizm ruzigarı: Dünyanı heyran qoyan 10 turizm şəhəri -FOTOLAR

image-728x90
Türk tarixində hər zaman dünyaya meydan oxuyan sərkərdələr olub. Türk oğlu öz qəhrəmanlığı ilə Avropanın, Asiyanın hakimi olmuşdu. Bu gün Türkiyə öz turizmi ilə dünyaya hakim olur. Avropa, Asiyada hər zaman  “Turquerie-Türköri” türk rüzgarı əsirdi, artıq bir müddətdir ki, dünya turizmində də “Türk turizmi” cərəyanı yayılmaqdadır. Türkiyəyə səfərimiz çərçivəsində İstanbul hava limanında  gördüklərim məni şoka salmışdı. Ucu-bucağı görünməyən bu hava limanında əcnəbilərin sayı- hesabı yox idi. Müxtəlif ölkələrdən gələn, müxtəlif dillərdə danışan bu insanları gördükdə Türkiyə turizminin hansı zirvədə olduğunu görmək mümkündür. Türkiyə turizmi indi dünyaya boy göstərir desək yanılmarıq. Elə biz İstanbul hava limanında olarkən  məşhur pianoçu Fazıl Sayın hərarətlə Türk Marşını (Rondo Alaturka) ifa etdiyi musiqi səslənirdi. Motsartın 1783-cü ildə Avropada əsən Osmanlı rüzgarının təsiri ilə bəstələdiyi bu musiqi əsəri, həqiqətən də, Osmanlı elementləri ilə yoğrulub. Motsartın belə bu rüzgara qapılmasına səbəb nə idi? Orta əsrlərdə Osmanlı həmişə şərqin mistikasını daşıyan “orta doğu” kimi Şərqlə Qərbi birləşdirən körpü rolunu oynayırdı. Saraylarda, ballarda, portretlərdə Osmanlı geyimlərində boy göstərən zadəganlar arasında bu hal dəb almışdı. Bu torpaqların coğrafi mövqeyi həm siyasi, həm iqtisadi həm də mədəni baxımdan önəm daşıdığından həmişə diqqət mərkəzində olub və bu diqqət hər keçən gün bir az daha artmaqdadır. Bir zamanlar balları bəzəyən Osmanlı geyimlərini, türk qəhvəsini, Anadolu xalılarını bu gün insanlar öz gözləri ilə görmək üçün Türkiyəyə gəlirlər. Fransadan olan turistlər bu ölkəni ərəb ölkəsi kimi tanıyırlar, ərəblər üçün isə Avropa ölkəsidir. Almanlar üçün uyğun qiymətə xidmət təklif edən yaxın qonşu, ingilislər üçün isə isti iqlimi olan ölkə. Yəni, hər kəs bu zənginlik arasında özünə lazım olan parçanı tapa bilir.

Türkiyə deyərkən, ağıllara gələnlər arasında, sözsüz ki, İstanbul ilk yerlərdə gəlir. Qədim sivilizasiyaların izlərini daşıyan şəhərin müasirliklə vəhdəti İstanbula əsrarəngiz sima verir. İki imperatorluğun – Bizans və Osmanlının mədəniyyət və tarixini özündə cəmləyən şəhər qərb və şərq üslublu memarlıq abidələrini sərgiləyən qalereyanı xatırladır. Bir tərəfdə Roma imperatorluğundan yadigar qalan Aya Sofya məbədi, Qalata Kulesi, Bozdoğan (Venis) Kəməri, Kız Kulesi, bir tərəfdə Osmanlının Top kapısı, Sultan Ahmet camisi, Dolmabahçe Sarayı. Bir tərəfdə Konstantinopol, bir tərəfdə İstanbul…

İstanbul

image-ortakoy-mosque-and-bosphorus-bridge-in-istanbul-at-sunrise-turkey

Bu gün 16 milyona yaxın əhalisi ilə bu meqapolis bir çox ölkəni geridə qoyur. Turizmin Türkiyədə yüksək səviyyədə inkişafı təkcə İstanbula ildə minlərlə turistin gəlməsinə səbəb olur. Əgər İstanbuldasınızsa, zamanınızı gözəl keçirmək üçün sizə uyğun turlar, tədbirlər, sərgilər, konsertlər, gəzintilər tapacağınıza əmin ola bilərsiniz. Qapalı Çarşı, Eminönü, Cahangir küçələri şəhəri sizin üçün unudulmaz edəcək. İstanbuldan həmçinin, Böyük Adaya turlar təşkil edilir. Bununla, qonaqlar vapur keyfi də yaşamış olurlar. Möhtəşəm Boğaz mənzərəsi, Haydar Paşa Dəmiryolu Vağzalının şəhər siluetində özəl yeri var. Ümumiyyətlə, iqlimi, qiymətlərin münasib olması, yüksək otel xidmətləri, uzun turizm sezonu, xidmət-qiymət tarazlığı ölkənin dünyanın dörd bir tərəfindən turist qəbul etməsinə səbəb olur. Elə buna görədir ki, 2020-ci il üçün satışlar artıq başlayıb.

Qardaş ölkənin daşı, torpağı qızıl olan İstanbulundan başqa digər şəhərləri də görülməyə dəyər turistik yerlərə sahibdir. Gəlin, bir-birindən gözəl Türkiyə şəhərlərinə nəzər salaq.

1. Muğla
image-1Muğla özünəxas dizaynda bacaları ilə məşhur taxta türk və rum evləri, Fethiye, Bodrum və Datça kimi turizm məkanlarını özündə birləşdirən iri şəhərlərdəndir. Şəhərin gözəl təbiəti və turizm infrastrukturu bura gələn turist sayının hər il daha da artmasına səbəb olur. Fethiyede Ölüdəniz, Kəpənəklər vadisi, Bodrus Qalası, Bodrum Antik teatrı, Halikarnas mavzoleyi, mavinin bütün tonlarında çimərlikləri, 125 sayda quş növləri ilə zəngin Quş Cənnəti Muğlanı görülməyə dəyər şəhərlər siyahısında ilklərdən edir. Təkcə Bodrum və Fethiye Türkiyə turizm bazarında ən çox turist qəbul edən şəhərlərdən olub ölkə iqtisadiyyatında mühüm rol oynayır.

2. İzmir

image-4

“Gözəl görmək savabdır” – deyiblər. Əgər siz də gözəl insanlar görmək istəyirsinizsə, təklif edirəm, İzmirə gedin. Çünki, statistikaya görə, izmirlilər Türkiyənin ən gözəl insanları hesab edilir. İlin dörd fəsli günəşli olan şəhərin sakit və hüzurverici havası var. Əhalinin bir qismini yunanlar təşkil edir. Şəhər tolerantlığın və multi-kulturalizmin simvoludur desək, yanılmarıq. Məscidlər, kilsələr, sinaqoqlar – üç böyük dinin ibadət evləri şəhər panoramasında bir-birini izləyir. Bəlkə də, bu mənəvi yükü çiyinlərinə alan şəhərin hüzurverici abu-havası bundandır. Saat Kulesi, Kemeraltı Çarşısı, Aqora-Antik bazar, Voukolos kilsəsi şəhərin simvoluna çevrilən tikililər arasında sadəcə bir neçəsidir. İzmir istər insanları ilə, istərsə də mədəniyəti və buna imkan yaradan coğrafi, etnoqrafik və demoqrafik fərqləri ilə Türkiyənin İstanbulla yanaşı “mədəniyyət paytaxtı” olmağa iddialıdır.

3. Qaziantep
image-3

Bəlkə də, dünyada yeganə şəhərdir ki, qazi-əsgər statusu qazanıb. Bu da düşmənə qarşı qəhramanca döyüşən Antepin təkcə adına yox, həm də “alnına” yazılmış yazıdır. Elə buna görədir ki, şəhərdə müharibə ilə bağlı neçə-neçə hərbi ekspozisiyaları sərgiləyən muzeylər, şəhid anıtlarına rast gəlmək olur. Ümumiyyətlə, Qaziantepdə çoxsaylı muzeylər var. Bunlar arasında Oyuncaq muzeyi ən maraqlı ekspozisiyalar təqdim edənlər arasındadır. Şəhərdə hamamlar, çarşılar, qalalar çoxluq təşkil edir. Antepi məşhur edən digər bir səbəb də ləzzətli mətbəxi – paxlavaları, kabablarıdır. Əgər Qaziantepə gedəcəksinizsə, pəhrizi unudun.

4. Edirnə
image-11Bolqarıstan və Yunanıstanla sərhəd bölgədə yerləşən Edirnə şəhəri bir zamanlar Osmanlı paytaxtı olduğu üçün imperatorluğun izlərini hələ də özündə daşıyır. Bəyazid körpüsü, IV Mehmet Ov köşkü, Rüstəm Paşa karvansarayı və daha neçə-neçə Osmanlı paşalarının adına olan türbələr, köşklər görüləcək tarixi məkanlar arasındadır. Sultan Süleymanın zamanında Edirnə sarayına əlavə edilən Ədalət qəsri yağlı güləşlərin keçirildiyi və sultanın verdiyi qanunların yazıldığı məkan kim tarixi ad qazanıb. Edirnə Böyük sinaqoqu böyüklüyünə görə Avropada birinci, dünyada isə üçüncü yerdədir.

5. Antalya
image-5Milyonlarca turist qəbul edən türk turizminin əsas şəhərlərindən biridir. Məşhur çimərlikləri hər il dolub daşan Antalya son illərdə milyonlarla dollar büdcəli hind və ərəb toylarına da ev sahibliyi edir. Alanya, Belek, Kəmər kimi turistik məkanları özündə birləşdirir. Antalyanın təbiəti və Antik dövrün bir çox abidələri şəhərə fərqli rəng qatır. Şəhərdə çox sayda oteller, hostellər turistlərin ixtiyarına verilib. Burada hər şey turistlərə xidmət üçün hesablanır desək, yerinə düşər. Antalya qonaqlarına nə təklif edir? Təbiət qoynunda gəzinti alternativlər arasında birinci yerlərdədir. Təbiətsevərlər Kurşunlu şəlaləsi, Manavqat şəlaləsi və möhtəşəm kanyonlara səfər edə bilərlər. Adrenalin həvəskarları təbiət qoynunda kampinq, alpinizm, raftinq etmək şansına sahibdirlər. O ki qaldı tarixi yerlərə, Aspendos Antik teatrı bunlar arasında ən cəlbedicisidir. Böyük bir antik kompleksin parçası olan Aspendosda konsertlər də təşkil olunur. Patara Antik teatrı və Termossos Antik kəndinin də tarixi Aspendos kimi eradan əvvələ gedib çıxır.

6. Bursa
image-6Daha bir Osmanlı “baş şəhəri” Bursa. Şəhərdə böyük karvansaraylar kompleksi var. Bu komplekslərdə ipək, hədiyyəlik əşyalar satan dükanlar turistlərin üzünə açıqdır. Hətta 2008-ci ildə İngiltərə kraliçası Türkiyəyə səfəri zamanı Bursada olmuşdu. Burada da Osmanlı yadigarı onlarla abidələr, camilər, türbələr görmək olar. Həmçinin, burada YUNESKO Mənəvi irs siyahısına daxil edilən Qaragöz-Hacivat oyunlarına da baxa bilərsiniz. Şəhərdə “Karagöz” muzeyi də fəaliyyət göstərir. İki ildən bir keçirilən Beynəlxalq Bursa Qaragöz Kölgə və Kukla Oyunları festivalı da bu şəhərdə keçirilir. Şəhərdə Anadolu Maşınları muzeyində Osmanlı dönəminin tarixi arabalarından Türkiyə istehsalı olan Murat markalı sedan maşınlarına qədər bir çox nəqliyyat növlərini görmək mümkündür. Bursada ən çox qış turizmi inkişaf edib. Uludağ Türkiyədə ən böyük qış turizm bölgəsidir. Uzun xizək meydançası və kanat yolları fevral ayının sonuna qədər turistlərin xidmətindədir.

7. Trabzon
image-7Çayı, halayı ilə məşhur şəhərə son zamanlar ölkəmizdə də maraq artıb və çoxsaylı turlar təşkil olunmağa başlayıb. Qara dəniz sahilində yerləşən şəhər digər Türkiyə şəhərlərindən geri qalmır. Ucsuz-bucaqsız çay plantasiyaları, şivəsi, hamsisi, iri çay fabrikləri, gözəl təbiəti ilə göz oxşayan Trabzon tarixi abidələrlə də zəngindir. Xüsusilə, dağlıq ərazilərdə tikilən monastrlar, qalalar burada çoxdur. Amma ən gözəl tarixi abidə düşünürəm ki, Atatürk köşküdür. Meşəlik ərazidə inşa edilən tikili bəyaz rəngi ilə göstərişli görkəmə bürünür. Bina Avropa memarlıq üslubunda tikilib. Hazırda muzey kimi fəaliyyət göstərən köşkdə Atatürkün şəxsi əşyaları da sərgilənir.

8. Nevşehir-Kapadokya
image-8Əgər, müasirlikdən, cansıxıcı şəhər həyatından sıyrılıb tarixlə üz-üzə qalmaq istəyirsinizsə, Kapadokya axtardığınız yerdir. Nevşehirin ən çox turist qəbul edən bölgəsi Kapadokyanın hər ucunu bucağını turistlərin ixtiyarına açıq elan ediblər. Hətta, səmasını belə. Burada hava şarları ilə təşkil edilən turlar çox məşhurdur. Kapadokyanın oyma evləri, Pəribacaları, yeraltı şəhərlər, mağaralar, Uçhisar Qalası, Ürgüp, Göyərçinli Vadi, Zelve kimi yerlər tarixilikdən daha çox mistik, sirli, sehirli, bəlkə bir az qorxulu abu-hava yaradır. Bunlar arasında ən diqqətçəkən Pəribacalarıdır. Zamanla təbii aşınmalar nəticəsində yaranan Pəribacaları Kapadokyaya əsrarəngiz görüntü bağışlayır.

9. Ayvalık-Balıkesir
image-99

Egey dənizi sahillərində Balıkesirin ən çox turist qəbul edən bölgəsi Ayvalık kiçik olsa da, zəngin təbiəti, gözalıcı tarixi binalarla türk turizmində önəmli yerə sahibdir. Burada turistlərlə yanaşı, İstanbulun səs-küyündən qaçıb həftəsonlarını sakit keçirməyə çalışan istanbulluları da görmək olar. Ayvalıkın meşəlik ərazisini, çimərliklərini, sualtı dalğıc turlarını, ləzzətli mətbəxini, ətrafında olan 22 adanı da xüsusilə vurğulamaq lazımdır. Ayvalık çarşısı, yunanların Yeniçohor adlandırdığı Küçükköy, Sarımsaqlı çimərliyi, Cunda adası, Şeytan Süfrəsi (şeytanın ayaq izinin burada olduğu iddia edilir), neçə-neçə cami və kilsələr, tarixi küçələr. Burada turistlərin Ayvalık mətbəxinə özəl saqqızlı dondurma və qurabiyələri də dadmaq şansı var.

10. Dənizli

image-4

Əsrarəngiz şəhərlər siyahımızı Dənizli ilə bağlamaq istəyirəm. Dənizli Egey dənizi bölgəsində yerləşir və Türkiyənin kurort-istirahət mərkəzidir. Bura sadəcə möhtəşəmdir. YUNESKO Mədəni irs siyahısına daxil edilmiş şəfa qaynağı hesab edilən Pamukkale Travertenleri (istisu kompleksi) özəlliklə cəlbedici məkanlardandır. Şəhərdə Kleopatra Antik hovuzu da turistlərə açıqdır. Hierapolis Antik şəhəri, nekropol, su kanalları, məbədlər və daha neçə tarixi Miladdan əvvələ gedib çıxan Roma dövrü abidələri bura gələnləri tarixin əsl şahidlərinə çevirir. Dənizlidə dağ idman növlərindən paraşütlə tullanma turları da aktivdir.

Bəli, tarix qoxan bu ölkənin hər qarışını gəzməyə dəyər.

Türkiyənin 10 şəhərinin gözəlliyini sizlərə təqdim etdik. Bu gün bütün Türkiyə boyu milyonlarla turist bu şəhərləri gəzir. Ümümdünya Turizm Təşkilatının son 6 aylıq hesabatına görə isə Türkiyə 2023-cü ildə turizm artımına görə dünyada ilk yerlərdən biini tutur.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90