image-2000x150
image-img-20240315-wa0002backend

Dünya Qlobal Bakı Forumunu diqqətlə izləyir

image-728x90

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan daim qlobal proseslərdə öz təşəbbüsləri ilə iştirak edir. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu diplomatiyası hesabına əldə edilmiş bu inam və etibar gələcəyin açarıdır. Təsadüfi deyil ki, ölkəmiz müasir dövrdə mötəbər tədbirlərin ev sahibi kimi tanınır, dünyanı narahat edən, onun gələcəyini təhlükə altında qoyan məsələlərin həllində aktual rol oynayır. Azərbaycan beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, milli və ümumbəşəri dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanılmasına dəyərli töhfələr verir. Artıq ölkəmiz bəşəriyyətin diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu etibarlı ünvan kimi tanınır. Qeyd etmək lazımdır ki, Azərbaycan son dörd il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etmiş və növbəti sədrlərə uğurlu miras qoymuşdur. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir.

Beynəlxalq təşkilatlarla etibarlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin fonunda ölkəmizdə həyata keçirilən uğurlu islahatlar dünyada obyektiv rəyin formalaşdırılmasına şərait yaradır. Xüsusən də enerji resurslarının ixracı və diversifikasiyası prosesinin reallaşdırılması dövlət başçımızın qurduğu uğurlu modelin prioritetləri sırasındadır. Məhz bu diplomatik və iqtisadi reallıqlar fonunda respublikamızın dünya üçün geosiyasi əhəmiyyəti gün keçdikcə daha da artır.
Danılmaz faktdır ki, Azərbaycan bu gün dünyanı ciddi şəkildə narahat edən proseslərin həllində söz sahibinə çevrilib. Tarixi ədaləti təkbaşına bərpa edərək torpaqlarını işğaldan azad edən qalib dövlətimizin iqtisadi, siyasi, sosial və hərbi proseslərdəki mövqeyi bütün dünyaya məlumdur. Yeni nizamda ön plana çıxan Azərbaycanın imperativləri qəbul olunur, regional və qlobal miqyasda ölkəmizlə hesablaşırlar.
Martın 14-16-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib.
XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonaq iştirak edib. Bununla yanaşı, 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları tədbirə qatılıb. Qeyd edək ki, Forumun keçirilməsi artıq qlobal sferada ənənə halını alıb. 2013-cü ildən bu yana bəşəri proseslərdə öz aktuallığı ilə seçilən qlobal tədbirə diqqət hər il daha da artır. Qeyd edək ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçımız Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Bununla yanaşı, regiondakı ədavətə son qoymağın vaxtının çatdığını bildirən dövlət başçımız bir daha Azərbaycanın mövqeyini açıqlayıb.
Reallıq bundan ibarətdir ki, bu gün qlobal güclər sırasında olan Fransanın Cənubi Qafqazdakı maraqları sülh və sabitliyə ciddi zərbə vurur. Ermənistana havadarlıq edilməsi, hayların yeni münaqişəyə şirnikləndirilməsi və bunun üçün silah-sursatın havayı verilməsi kimi amillər destruktivliyin pik həddidir. Bəşəri proseslərdə fəal və effektiv iştirak etmək əvəzinə, Fransanın bu qəbildən hərəkətliliyi Qlobal Bakı Forumunda olduğu kimi, daim ifşa olunacaq. Forundakı çıxışında Prezident İlham Əliyev tədbir iştirakçılarına və beynəlxalq aləmə vandalizm aktının sübutlarını göstərərək bildirib: “Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı…”.
Anti-Azərbaycan blokunun fəallaşdırılması, ölkəmiz haqqında saxta ictimai rəy formalaşdırılmasının səbəbi də məhz bu gerçəkləri üzə çıxarmağımızla, getdikcə artan nüfuzumuzla bağlıdır. Azərbaycanın demonizə edilməsi heç bir zaman fayda verməyəcək. Ölkə başçımızın da qeyd etdiyi kimi, Qərb bloku bu cür insinuasiyalarla (böhtan, şər) Azərbaycanı ləkələməyə çalışır. Lakin Bakıda keçirilən Qlobal Forumdan da göründüyü kimi, ölkəmizə olan inam və etibar ali dəyərlərə sahibdir. Bu cür spekulyasiya və manipulyasilara rəvac verməyənlər haqq səsimizi aydın eşidə bilirlər.
Qlobal Bakı Forumunda həm də COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə müzakirələr aparılıb. Bununla yanaşı, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılıb.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90