“Qarabağ problemi illər idi ki, həllini gözləyidi. Buna görə də bu müharibə qaçılmaz idi. Müharibələr o zaman baş verir ki, hər iki tərəf üçün danışıqlar artıq heç bir nəticə vermir və son çıxış yolu kimi qarşı-qarşıya gəlmək zərurəti yaranır. Azərbaycan bu savaşda, təbii ki, dünya birliyinin də qəbul etdiyi kimi haqlı tərəf idi və 30 il öz torpaqlarını işğaldan azad etmək üçün bütün siyasi, diplomatik yollara baş vurmuşdu. ” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, 44 günlük müharibəni tezləşdirən səbəblər oldu.
“Xüsusilə, 2020-ci ilin iyulunda Tovuz döyüşləri zaman əfsanəvi general Polad Həşimov kimi oğulların şəhid olması Azərbaycanın səbrini daşırdı. Erməni tərəfinin bu istiqamətdə aqressiv hücumlarının əsl səbəbi Azərbaycanın bu hissədən keçən təbii qaz, neft və beynəlxalq nəqliyyat marşrutlarını nəzarət altına almaq istəyi idi. Əgər müharibə Ermənistanın və onun arxasında dayananların istədiyi kimi olsaydı, Azərbaycanın yeni torpaqları işğal ediləcəkdi.
Zəngəzur dəhlizinin açılması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə imzaladıqları bəyənatda öz əksini tapıb. Amma müharibənin qurtarmasından iki il yarım keçsə də, bu sahədə heç bir addım atılmayıb. Səbəb nədir? Səbəb çox sadədir: bu dəhliz artıq bir çox güclərin maraqlarının toqquşduğu bir əraziyə çevrilib. Halbuki dəhlizin açılması burada iştirak edən Rusiyanın da, Azərbaycanın da, Ermənistanın da, hətta İranın da xeyrinədir. Amma ortada nəyi görürük? Məsələn, İran bunu özünün qırmızı xətti kimi görür, Ermənistan hərdən bir söz deyir. Halbuki, dediyimiz kimi, buradakı ölkələrin hər biri bundan faydalana bilər.
Nəhayət, son günlərdə Qarabağda “humanitar fəlakət” adı altında haray-həşiri qoparan Ermənistan və onun himayədarları 35 ildir ki, Naxçıvanın blokadada saxlanmasını bir dəfə də dillərinə gətirməyiblər. Qarabağ zəfəri Zəngəzur dəhlizinin açılmasını zərurətə çevirib. Sərhəddə “TIR şousu” çıxaranlar bəs Naxçıvanın blokadasının hələ də davam etməsini niyə görmürlər? Zəngəzur dəhlizinin açılmasının heç bir əsas olmadan ləngidilməsi dünyadakı ən böyük haqsızlıqlardan biridir. Lakin bu yolda hərəkətin bərpası zamanı gəlib çatmışdır.” -Arzuman Muradlı bildirib.






















