İƏT-in 17-ci Zirvəsi bu gündən 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək. Bu görüşün tarixi əhəmiyyəti olduqca böyükdür.
“Bu görüş, 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycanın Xankəndi şəhərində suverenliyini bərpa etməsindən sonra keçirilən ilk beynəlxalq tədbirlərdən biridir.” – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, İƏT-in 17-ci Zirvəsinin Xankəndi şəhərində keçirilməsi beynəlxalq ictimaiyyətə bir mesajdır.
“İƏT üzv dövlətlərinin nümayəndələrinin Xankəndiyə gəlməsi, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə İslam dünyası tərəfindən dəstək kimi qiymətləndirilir. Bu, diplomatik baxımdan Azərbaycan üçün çox önəmlidir. Bu tədbir həm də regionun bərpası və yenidən qurulması, həmçinin erməni və azərbaycanlı icmalarının reinteqrasiyası prosesinə diqqət çəkir. Beynəlxalq təşkilatların iştirakı bu prosesi legitimləşdirir və sürətləndirə bilər. İƏT çərçivəsində əməkdaşlıq sahələri təkcə siyasi deyil, iqtisadi və texniki sahələri də əhatə edir. Bu görüş vasitəsilə Xankəndidə və Qarabağda gələcəkdə xarici sərmayənin cəlb olunması üçün zəmin yaradılır. Xankəndidə keçirilən İƏT görüşü təkcə protokol tədbiri deyil, həm diplomatik, həm də simvolik olaraq Azərbaycanın suverenliyini dünyaya göstərən mühüm bir hadisədir. Bu, regionun post-münaqişə dövrünə keçidini və beynəlxalq əməkdaşlığa açıq olduğunu nümayiş etdirir.” – deyə Arzuman Muradlı bildirib.