Hindistanın baş naziri Narendra Modi Moskvada Rusiya prezident Vladimir Putinlə dostluq əlaqəsinə görə rəsmi Kiyev tərəfindən qınandıqdan bir neçə həftə sonra Ukraynaya səfər etməyi planlaşdırıb.
Bu barədə CNN-ə istinadən xəbər verir.
Bildirilir ki, Narendra Modi silahlı münaqişə başlayandan bəri Moskvaya ilk səfərindən sonra Ukraynaya gedəcək.
Məlumatda vurğulanır ki, onun planlaşdırılan səfəri Ukrayna qoşunlarının Rusiya ərazisinin dərinliklərinə doğru irəlilədiyi və Kiyevin ən yaxın müttəfiqlərini belə heyrətə salan mühüm məqama təsadüf edir.
Narendra Modi dəfələrlə Rusiyanı atəşkəsə çağırıb. CNN xatırladır ki, Hindistan da Birləşmiş Millətlər Təşkilatında Ukrayna ilə bağlı bütün qətnamələri qəbul etməkdən imtina edib.
Modinin Ukraynaya səfəri avqustun 23-ə gözlənilir.
“Baş nazir Modinin Ukraynaya gözlənilən səfəri ikitərəfli münasibətlərin bütün spektri üzrə müzakirələr aparmaq imkanı verəcək”, – Hindistan Xarici İşlər Nazirliyinin Qərblə Əlaqələr üzrə katibi Tanmaya Lal brifinqdə deyib.
Nazirliyin sözçüsü Hindistanın “diplomatiya və dialoqun bu münaqişəni həll edə biləcəyinə dair çox aydın və ardıcıl mövqeyi olduğunu” deyib. Onun sözlərinə görə, “davamlı sülh” yalnız danışıqlar yolu ilə həll oluna bilər.
Son 45 ildə ilk olacaq səfər, Modinin iyul ayında Putini ziyarət etməsindən bir ay sonra baş verir və bu, iki gücün – Rusiya və Hindistanın yaxın dost olaraq qaldığını göstərir. CNN xatırladır ki, foto və videolarda iki liderin qucaqlaşdıqları, bir stəkan çay süfrəsi arxasında söhbət etdikləri, elektrikli avtomobilə mindikləri və at şousuna baxdıqları görünür.
Zelenski bu görüşü “böyük məyusluq və sülh səylərinə sarsıdıcı zərbə” kimi qınayıb.Modi səfəri zamanı qeyd edib ki, münaqişənin hərbi yolla həlli çətindir, bunun yolu sülh və dialoqdan keçir.
“İstər münaqişə, istər müharibə, istərsə də terror olsun, insanlar ölüm halları olanda, xüsusən də günahsız uşaqlar öldürüldükdə narahat olurlar. Bir dost kimi həmişə demişəm ki, gələcək nəsillərin firavanlığı üçün sülh lazımdır, amma onu da bilirəm ki, döyüş meydanında silah, bomba və güllə ilə həll yolu tapmaq asan deyil. Biz dialoq yolu ilə sülhə gedən yolu seçməliyik”, – deyə Modi Rusiyada olarkən bildirib.