Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlər 3 nəfər sərhəd pozucusu və narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Ulusal.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən bildirilib.
Noyabr ayının 23-də saat 19:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Xudat sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Chouaib Bendemagh, noyabrın 25-də saat 00:05-də Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikası istiqamətində İİR vətəndaşları – 2004-cü il təvəllüdlü Rayenzadə Muhemmedrza Əli və 2008-ci il təvəllüdlü Mikayıllı Yeganə Nehmətulla dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Noyabrın 27-də saat 02:20-də isə Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-EA-559 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən və şübhəli hərəkətləri ilə diqqəti cəlb edən Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Tahirzadə Faiq Şaiq oğlu və Masallı rayon sakini 1992-ci il təvəllüdlü Muradlı Dilqəm Qafil oğlu saxlanılmışlar.
Saxlanılan şəxslərin idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 13 kiloqram 995 qram (11 kq 965 qram marixuana, 1 kq 525 qram tiryək, 505 qram metamfetamin) və 3980 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.