Martın 2-də Bakı Apellyasiya Məhkəməsində 53 gün aclıq keçirdikdən sonra dövlətə xəyanətdə ittiham edilən İslam Partiyasının üzvü olmuş Səbuhi Səlimov ürək tutmasından vəfat edib.
Səbuhi Səlimovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, martın 2-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Məmmədovun sədrliyi ilə Səlimov barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
“O məhkəmənin qərarına kəskin etirazını bildirdi və bu qərar həm də onun ölümünə səbəb oldu. Səbuhi özünü günahkar saymırdı. O birinci instansiya məhkəməsinin hökmünə etiraz olaraq 53 gün aclıq etmişldi. Həmçinin son 7 gündə quru aclıq edib. Onu Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirmişdilər. Martın 1-də aclığı dayandırıb, su və qida qəbuluna başladı. Səbuhi bir neçə il əvvəl ürək əməliyyatı keçirmişdi. Lakin onun ölümünə ədalətsiz məhkəmə qərarı səbəb oldu. Əslində Səbuhi dayının həbsinin səbəbi İsrailin bayrağını yandırması, Qüdsə və Qarabağa azadlıq istəməsi və evində imamlarımız üçün ehsan süfrəsi açması idi. O, aclıq aksiyası ilə bu ölkədəki məhkəmələrin ədalətsizliyinə canı bahasına etiraz edirdi. Səbuhi dayının topu topxanası yox idi. Bir canı var idi, onu da vətəni, dini uğrunda qurban verdi”, Səlimovun ailəsindən deyiblər.
Səbuhi Səlimovun ölümü ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.
Səbuhi Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətə azadlıqdan məhrum edilib.
Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.