image-rt-reklam
image-1684809698_sebine-xasayeva-ggbackend

Dövlətçilik paradı

image-728x90

2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Ermənistanın məğlubiyyəti olsa da Ermənistan onun tələblərinə tam əməl etmirdi. Dağılmış ordusunun hissələri Xankəndində toplaşmış silahlı separatçılarla birləşmişdi, onlar Ermənistanın əmrləri ilə Kəlbəcərdə, Laçında müxtəlif səviyyəli terrorlar törədirdi. Azərbaycan bu il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı keçirdi. Separatçılar da, Ermənistanın dağılmış ordusunun hissələri də təslim oldu. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi…

Noyabrın 8-də Xankəndində hərbi parad keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev paradda çıxışında dedi: “Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik”.

Bu Parad tarixi Zəfərdən sonra Bakının Azadlıq Meydanında keçirilmiş Paradın məntiqi davamı idi. Paradda iştirak edənlərin nizami yerişi Zəfər paradında gördüyümüzün eyni idi. İstər Vətən müharibəsində, istərsə də lokal xarakterli antiterror əməliyyatında döyüşənləri  burda görmək hamımıza böyük qürur verirdi. Ölkə başçımızın dediyi fikirlər Vətən müharibəsinin də, antiterror əməliyyatının da Azərbaycan dövlətçiliyinin təntənəsi kimi dinlənildi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr”.

Düşmənin antiterror əməliyyatında döyüşlərdə sıradan çıxarılmış müxtəlif döyüş maşınları da, artilleriya qurğuları da qoşqularla Parada gətirilmişdi. Dünya ictimaiyyəti Azərbaycan Ordusunun hisslərinin nizami yerişini də gördü, onların məhv etdiyi silahların bir hissəsini də. Bu, qalibin də, məğlubun da gücünün səviyyəsinin göstəricisi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi fikirlər bu gücün necə formalaşdığının göstəricisidir: “İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq”.

Xankəndində keçirilən hərbi Parad Azərbaycan dövlətinin dövlətçiliyinin dönməzliyinin Paradı oldu. Dünya bu Paradı həm də Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının Paradı kimi izlədi…

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90