Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Ulusal.az xəbər verir ki, tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, mərkəzin mütəxəssisi, Real FM-in baş aparıcısı Kəmalə Mustafayeva, dövlət komitəsinin rəhbərliyi və əməkdaşları iştirak edib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Vüqar Nəsirov bildirib ki, dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olub. Bu istiqamətdə qanunvericilik bazası formalaşdırılıb, Dövlət Proqramı qəbul edilib. Həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının dövlət dilinin qorunması və inkişafına imkan yaradıb. Qeyd edilib ki, hər bir vətəndaş dövlət dilindən düzgün istifadə ilə bağlı tələblərə əməl etməlidir. Bu günkü tədbirin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə keçirilməsinin də məqsədi dildən düzgün istifadə qaydalarını, normalara əməl edilməsi, dilimizə yeni daxil olmuş sözlərin istifadə formaları ilə bağlı dövlət qulluqçularını maarifləndirməkdir.
Daha sonra Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva çıxış edərək vurğulayıb ki, Azərbaycan dili aid olduğu türk dili qrupunda digər dillərdən öz zənginliyi ilə seçilir. Prezident İlham Əliyevin gənc nəslin ana dilində ödənişsiz təhsil almaları, bu dildə səlis danışmaları və ölkə hüdudlarından kənarda da dövlət dilindən sərbəst istifadə edə bilmələri üçün misilsiz xidmətlər göstərdiyi onun tərəfindən diqqətə çatdırılıb. Qeyd olunub ki, Ali Baş komandanın nitqi Vətən müharibəsində qələbənin, zəfərin dili oldu.
Eyni zamanda bildirilib ki, mərkəz tərəfindən monitorinqlər davam etdirilir, media subyektlərində dildən doğru və düzgün istifadə edilməsi, aparıcıların nitqinin səlis olması, ana dilindən düzgün istifadə qaydaları istiqamətində mütəmadi işlər aparılır, hesabatlar hazırlanır.
Mərkəzin mütəxəssisi, Real FM-in baş aparıcısı Kəmalə Mustafayeva dövlət qurumlarının nümayəndələrinin müsahibə və verilişlərdə çıxışları zamanı dövlət dilinin normalarına əməl edilməsi, nitqini düzgün qurulması ilə bağlı tövsiyələr verib.
Tədbir komitə əməkdaşları və Monitorinq Mərkəzinin mütəxəssislərinin müzakirələri ilə davam edib. Birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar keçirilib.