20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar olaraq yanvarın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti dəfə “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası keçirilib.
Ulusal.az xəbər verir ki, aksiya ölkəmizin ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını qoruyan, vətənin müdafiəsində dayanan hərbçilərimizin sağlamlığının qorunmasına kömək məqsədi daşıyıb.
Müdafiə Nazirliyinin Baş klinik hospitalının səyyar qan tədarükü bölməsinin 12 nəfərdən ibarət həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin əməkdaşları könüllü donor kimi qan verib.
Tədarük olunan qan nümunələri Baş klinik hospitalının səyyar qan tədarükü bölməsində yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.
Aksiya iştirakçıları xidməti vəzifələrini rəşadətlə yerinə yetirən hərbçilərimizin sağlamlığının qorunması üçün qan verməyin xeyirxah iş olduğunu bildiriblər. Onlar, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd ediblər. Hazırda Dövlət Komitəsində və onun tabeliyində olan strukturlarda çalışan ümumilikdə, 1395 məcburi köçkün, 43 şəhid ailəsi üzvü, 20 müharibə əlili və 114 müharibə veteranı var. Onların əksəriyyəti bu gün keçirilən aksiyada fəal iştirak ediblər.
Xatırladaq ki, Dövlət Komitəsində Müdafiə Nazirliyi ilə birlikdə “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası artıq üçüncü dəfə keçirilir.